"Rəqəmsal yayım zamanı istifadə olunacaq dekoderləri vətəndaşlar
"Azərpoçt" MMC-dən əldə etmək mümkündür". Bu barədə Movqe.az-a
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
"Noyabr ayının 1-dən rəqəmsal yayıma keçidlə bağlı əhalini daha çox
düşündürən məsələ məhz dekoderlərin əldə olunmasıdır. Əhali
rəqəmsal yayım zamanı istifadə olunacaq dekoderləri "Azərpoçt"
MMC-nin Bakıda fəaliyyət göstərən filiallarından əldə edə
bilərlər", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan
ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il
tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV
proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il
tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV
proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T
standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların)
istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması
teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda
Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T
standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) satışının
təşkilinin təmin edilməsi tövsiyə edilib.