Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb
müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət
göstərəcək.
Movqe.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət
orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin
tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi
dəyişiklikdə əksini tapıb. Bu müəssisələr “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş
qaydada Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına
alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edəcək. Müəssisə
dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla,
mülki vəzifələr daşıyacaq və onun hüquq qabiliyyətinə isə onun
ləğvinin başa çatdığı an xitam veriləcək. Müəssisə publik hüquqi
şəxsdir və müstəqil balansa, dövlət və ya bələdiyyə əmlakına,
xəzinə və bank hesablarına, üzərində öz adı həkk edilmiş möhürə,
müvafiq ştamplara və blanklara malik olacaq.
Qeyd edək ki, indiyə qədər dövlət adından yaradılan tibb
müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət
göstərib.