ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms
Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona
səfərlərinin yekununa dair bəyanat yayıblar.
Movqe.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər
Azərbaycan və Ermənistan prezidentləri, Ermənistanın yeni təyin
olunmuş müdafiə naziri və Dağlıq Qarabağın "de-fakto" hakimiyyəti
ilə görüşlər keçiriblər.
Səfərin məqsədi bu ilin aprel ayında baş verən toqquşmadan sonra
vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri
dəqiqləşdirmək olub.
Görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu
təsdiqləyiblər. Həmsədrlər isə qeyd ediblər ki, atəşkəs rejimi
haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi
üçün çox vacibdir. Bundan başqa, vasitəçilər Vyana və
Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata
keçirilməsinin zəruriliyini vurğulayıblar.
Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün
işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma
prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini
bildiriblər.
Dövlət başçıları ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılaşmanı bir
daha təsdiqləyiblər, bununla bağlı detalların müzakirəsi davam
edir.
Bəyanatda həmsədrlərin ATƏT xarici işlər nazirləri Şurasının bu
ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk
imkandaca prezidentlərin görüşünün təşkil olunması məsələsini
müzakirə edəcəkləri bildirilir.
Bəyanatda o da vurğulanır ki, ATƏT-in Minsk qrupu həmsədrləri
regiona səfər zamanı həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də
görüş keçirib, itkin düşmüş insanlar barədə məlumat mübadiləsi və
həmsədrlərin rəsmi şəxslərlə yüksək səviyyədə keçirdikləri
görüşlərdə dəstəklədikləri humanitar tədbirlər sahəsində gördükləri
işləri müzakirə ediblər.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə
Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında
başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda
Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib.
Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf
7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında
Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs
sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul
olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt
sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri
Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa,
İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət
həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması
ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə
qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən
BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və
qurumların qətnamələri mövcuddur.