İngiltərəli elm adamları cütlüklərin cinsi həyatı ilə bağlı
yeniliyə imza atıblar. Onlar spermanın aktivliyini dayandırmağın
çarəsini tapıblar. Bu isə tibbi inqilablardan biri hesab edilir.
Artıq kişilər də doğuş həbləri istifadə edə biləcəklər.
Movqe.az milli.az-a istinadən kişi doğuş həbləri haqda yazını
təqdim edir.
Araşdırma qrupuna başçılıq edən professor John Houel deyib ki,
kişilər həbləri cinsi əlaqədən əvvəl qəbul edəcək. Nəticədə həb
sayəsində qadın hamilə qalmayacaq: "Həb 5 dəqiqə ərzində dərhal
təsirini göstərir. Hazırda həblərin yaradılması üzərində işlər
davam edir. Kişi doğuş həblərinin 2021-ci ildə bazara çıxarılacağı
gözlənilir. Bir çox ölkələrdə hər 4 qadından 1-i öz istəyi
xaricində hamilə qalır. Bu üsul qadınları arzuolunmaz hamiləlikdən
qoruyacaq".
Mütəxəssis bildirir ki, ümumiyyətlə, doğuş həbləri uşaq sahibi
olmamaq mənasını vermir, üstəlik, ana-körpə sağlamlığı baxımından
çox əhəmiyyətlidir. Doğuş həbləri plansız reallaşan hamiləliklərdə
riskləri azaldır və ailənin xoşbəxtliyi üçün vacibdir. Yeni nəsil
doğuş həbləri isə günü-gündən təkmilləşdirilir: "Qadınların doğuş
həbləri ilə bağlı yanlış anlayışları olduğundan onu qəbul etmək
istəmirlər. Yeni nəsil doğuş həblərində estrogen dozaları
azaldılıb, sızanaq və tüklənməni aradan qaldırır, dərini
gözəlləşdirən maddələrlə zənginləşdirilir. Çəki artırmayan, şiş
azaldan yeni nəsil doğuş həbləri artıq bazara təqdim olunub. Bu
həbi 28 gün davamlı istifadə edən qadın hamilə qalmır".
Mütəxəssislər daha da əhəmiyyətli məqama toxunublar. Onlar
bildirirlər ki, qadın doğuş həbləri doğru və nizamlı istifadə
edildikdə həyat keyfiyyətini və ömrü uzadır. Son aparılan
araşdırmalar sübut edib ki, doğuş həbləri ümumi xərçəng riski və
bütün səbəblərə bağlı ölümlərdə 10 faiz azalma təmin edir.
İngiltərədə Oksford Universiteti tərəfindən həyata keçirilən və The
Lancet Oncology tərəfindən aparılan tədqiqat isə doğuş həblərinin
faydalarını bu cür sıralayıb:
* Yumurtalıq və uşaqlıq xərçəngi riskini 50-60 faiz azaldır
* Menstruasiya dövrünü tənzimləyir
* Menstruasiya qanaması miqdarını azaldır
* Menstruasiya əvvəli gərginliyi aradan qaldırır
* Menstruasiya ağrılarını azaldır
* Aknelərə yaxşı təsir edir
* Tüklənməni azaldır
* Dəri və saç gözəlliyini təmin edir
* Pelvik inflamatuar xəstəliyinə qarşı qoruyur
* Over kistaları və miomanı azaldır
* Xoşxassəli döş xərçəngi riskini azaldır
* Uşaqlıqdankənar hamiləliyə mane olur
* Şiş azaldıcı təsir göstərir
* Sümük möhkəmliyini artırır, sümük əriməsini azaldır
* Yumurtalıq kistaları və döşlərdəki fibrokistik xəstəliklərin
qarşısını alır