Qış turizmi də çiçəklənmə dövrünü yaşayır

27 Oktyabr 2016 07:00 (UTC+04:00)

Rusiyanın “kayak.ru” axtarış saytı bu ilin qış mövsümündə rusiyalılar arasında ən populyar turizm istiqamətlərinin reytinq cədvəlini tərtib edib. Məlum olub ki, Rusiya sakinləri arasında ən populyar istirahət məkanı Azərbaycandır.

Qeyd edək ki, qış mövsümündə Azərbaycana gələcək ərəblərin də sayında böyük artım gözlənilir. Mütəxəssislər bu kimi halları ölkədə qış turizminin inkişafına rəvac verən amil kimi qiymətləndirirlər.
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, turizm sahəsini planlaşdıranda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası tərəfindən illər öncə proqnozlaşdırma işləri aparılır: “Turizmin inkişafı üçün təkcə reklam deyil, yeni-yeni xidmət növlərini inkişaf etdirmək lazımdır. Bu sahədə Qəbələdə “Tufandağ”, Qusarda “Şahdağ” qış turizm kompleksləri yaradılıb. Bu mərkəzlər on minlərlə insanı cəlb etmək iqtidarındadır. Görülən işlərlə əlaqədar bu yay “Şahdağ”da rus turistləri ilə yanaşı, ərəb turistləri də oldular.
Eyni zamanda qış mövsümündə də ruslarla yanaşı, ərəb ölkələrindən çoxsaylı turist gözlənilir. Halbuki, əvvəllər rus və ərəb turistləri daha çox digər regionlara, xüsusən də Avropa məkanına üstünlük verirdilər. Ancaq hazırda orada yaşanan iqtisadi, siyasi hadisələr turistlərin böyük əksəriyyətinin istiqamətini dəyişdirib. Azərbaycanı sabit, tolerant ölkə kimi görəndən sonra onlarda müsbət rəy formalaşıb. Rus turistləri artıq son 3 ildir ki, ölkəmizə daha çox səfər edirlər. Əminəm ki, bu gedişlə digər MDB dövlətlərinin də Azərbaycana üz tutanların sayı artacaq. Azərbaycanda yay və qış turizminin inkişafı buna imkan yaradır. Hazırda ölkəmizdə qiymət məsələsi də çox münasibdir. Manatın devalvasiyası turistlər üçün sərfəli olub. Çünki, Avropa ölkələrində eyni xidmətlər daha bahadır. Bundan başqa, turizm şirkətləri artıq ərəb dilində də xidmətlər təlklif edirlər. Əvvəllər ərəb dilində yazılar olmurdu. İndi vəziyyət dəyişib və bu, çevik idarəetmənin göstəricisidir. Nəzərə alaq ki, turistlər Azərbaycanda turizm sahəsində yaradılmış şərait barədə öz ölkələrində danışacaqlar. Bu da növbəti ildə gələcək turistlərin sayına müsbət təsir edə bilər. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Asossiasiyası 2017-ci ildə daha çox turist gələcəyini proqnozlaşdırır. Bu, təkcə İslam Həmrəylik Oyunları ilə yox, eyni zamanda turizmin inkişafı ilə əlaqədardır. Aparılan təhlillər onu göstərir ki, qış dövrü və Novruz Bayramında İrandan da çoxsaylı turistlər gələcək”.
Turizm məsələləri üzrə ekspert Elxan Vəliyev artımı ölkədə turizm sahəsində görülən işlərlə əlaqələndirir: “Həyata keçirilmiş işlər gələn turistlərin sayına müsbət təsir edib. Ancaq Azərbaycanın potensialı daha böyükdür. Bölgələrdə eyni səviyyəli istirahət mərkəzlərinin, otellərin tikilməsi uyğun olardı. Çünki, artıq fəsil fərqi olmadan otellər istifadəsiz qalmır. Bu, dövlətin turizm sektoruna olan diqqətidir.
Müəyyən idman, mədəni tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanda turizmin inkişafına öz töhfəsini verib. Ancaq görüləcək işlər də çoxdur. Məsələn, regionlarda azulduzlu otellərin sayı artırılmalıdır. Turistlər yalnız istirahət üçün yox, digər məqsədlər üçün də gələ bilərlər. Nəzərə alaq ki, Azərbacanda turizmə yatırılan investisiyalar özünü doğrultmaqdadır. Ona görə də bu işi daha həvəslə etmək olar”.
Ekspert əlavə etdi ki, problemlərdən biri turizm şirkətləri ilə otellərin əlaqələrinin az olmasıdır: “Otellər tender elan etməklə turizm şirkətlərinə sifarişlər verməlidirlər. Bu, tuzimin inkişafına ciddi dəstək olacaq”.
Mübariz BAYRAMOV