Tranzit qovşağa çevrilməsi Azərbaycana böyük vəsaitlər qazandıracaq

27 Oktyabr 2016 08:00 (UTC+04:00)

“Nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq yekunlaşır: “Həmin nəqliyyat dəhlizi Çindən Xəzər dənizi üzərindən, Azərbaycandan keçməklə Avropaya uzanır. Ümid edirəm ki, bir neçə aydan sonra biz həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik. Bu il başqa bir layihənin də icrasına başlanıb. Bu, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, 10 milyon tonlarla yükü öz üzərimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi özəl bərə gəmiləri istifadə oluna bilər. Biz uzun illərdir ki, bu gəmilərdən istifadə edirik. Bu layihə də davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaq”. Bəs, Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilməsi ölkəyə nə vəd edir?
İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, ölkəmizin qlobal nəqliyyat qovşağına çevrilməsilə Azərbaycanın gəlirləri daha da artacaq: “Öncə onu qeyd edim ki, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üzrə təcrübəsi var. Çünki «Böyük İpək Yolu» tarixən ölkəmizin ərazisindən keçib. Yəni bizim genetik yaddaşımızda belə bir proses vardır.
İkincisi, artıq Azərbaycan nəqliyyat keçid dövlətinə çevrilmək üzrədir. O mənada Orta Asiyanın təbii sərvətlərinin Azərbaycan üzərindən Avropaya daşınmasında Rusiyanın özü də maraqlıdır. Bundan başqa, Azərbaycan özü də Bakı-Tiflis-Qars dəmir yolunu çəkməklə birbaşa Asiyadan Avropaya açılır. Ona görə də ölkəmizin qlobal nəqliyyat qovşağına çevrilməsi real bir məsələdir. Cənab Prezident də məhz bu mənada Azərbaycanın qlobal nəqliyyat qovşağına çevriləcəyini bəyan edib. Başqa bir tərəfdən, hazırda dünyada qloballaşma prosesi gedir. Belə bir prosesin getdiyi bir şəraitdə istər-istəməz Azərbaycan qeyri-neft sektoruna əl atmalıdır. Bu istiqamətdə diversifikasiya gedir. Bu mənada ən yaxşı variant hazırda xidmət sahəsinə diqqəti artırmaqdan ibarətdir.
Avropa dövlətlərinin çoxunda xidmətdən gələn gəlir dövlət büdcəsinin 50-55, bəzən hətta 70 faizini təşkil edir. Azərbaycan üçün də bu addıma getmək tam realdır. Ona görə də həmin istiqamətdə ölkəmiz fəaliyyətini davam etdirməlidir. Qlobal nəqliyyat qovşağına çevrilməyimiz ölkəmizin gəlirlərinin artması baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, tranzit yüklərinin Azərbaycandan keçirən hər bir maşın ölkəmizə 80 dollardan 100 dollaradək gəlir gətirir. Bura dəmir yolu, boru kəmər və dəniz nəqliyyatını da əlavə etsək, 4 nəqliyyat növü üzrə Azərbaycanın bu sahədən olan gəlirlərini yaxın perspektivdə dövlət büdcəsinin 30-35 faizinə çatdırmaq imkanı var. Bu, tamamilə mümkündür”.
İqtisadçı-ekspert Natiq Cəfərli də bildirdi ki, beynəlxalq nəqliyyat dəhlizinə çevrilməyimiz ölkəmizə əlavə milyonlarla dollar qazanc gətirəcək: “Azərbaycanın qlobal nəqliyyat dəhlizinə çevrilməsi üçün ölkəmiz çox çalışmalıdır. Çünki bu istiqamət üzrə bölgədə Azərbaycanın ciddi rəqibləri də var. Çinin Rusiya ilə öz məhsullarını bu ölkədən keçirməklə Avropaya daşımaqla bağlı ciddi danışıqları aparılır. Son zamanlar İran da bu istiqamətdə aktivləşib.
Türkmənistandan İran, Türkiyə vasitəsilə yüklərin Avropaya çatdırılması məsələsi ciddi müzakirə olunur. Bu fonda Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi üçün rəqiblərinə nisbətən daha üstün təkliflərlə çıxış etməsi vacibdir. Sürətli keçid, tariflərlə bağlı elə cəlbedici təkliflər olmalıdır ki, yüklərin Azərbaycan üzərindən daşınmasında bir maraq yaransın. Bununla bağlı Azərbaycanda bəzi problemlər də mövcuddur. Problem ondan ibarətdir ki, yüklərin bir hissəsi Xəzər dənizi üzərindən bərələr vasitəsilə keçməlidir. Lakin bərələrin sayının azlığı müəyyən vaxt itkisinə gətirib çıxarır. Ona görə də qlobal nəqliyyat dəhlizinə çevrilmək üçün ciddi hazırlaşmalıyıq.

Həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizi işə düşdükdən sonra Azərbaycan prosesdən ciddi dividendlər qazana bilər. Amma buna texniki, hüquqi cəhətdən, həm də tariflərin aşağı salınması istiqamətində ciddi hazırlaşmalıyıq ki, rəqiblərimizdən həmişə bir addım irəlidə ola bilək. Buna şansımız var, amma dediyim ciddi işlərin görülməsi fonunda. Qlobal nəqliyyat dəhlizinə çevrilməyimiz, tranzit yüklərinin artması Azərbaycanın həm siyasi-coğrafi, geopolitik önəmini artırar, həm də ölkəmizə ciddi maliyyə vəsaiti daxil ola bilər. Azərbaycandan il ərzində 50-60 milyon ton yükün keçməsinə şərait yaradılsa, bu, ölkəmiz üçün milyonlarla dollar əlavə vəsaitin qazanılması demək olacaq. Texniki olaraq bu rəqəmə çatmağa imkanımız var. Hazırda isə təxminən il ərzində ölkəmizin ərazisindən 6-7 milyon ton yük daşınır. Daşınan yüklərin artması ilə yeni iş yerləri yaranacaq. Rəqiblərimiz də bu layihələr haqqında kifayət qədər məlumatlıdır, ona görə də alternativ yolların təklif edilməsi istiqamətində ciddi çalışırlar. Buna imkan verməmək üçün də həmişə bir addım öndə olmalıyıq”.
Rüfət NADİROĞLU