Baxçaların özəlləşdirilməsi ətrafında fikirlər haçalandı

27 Oktyabr 2016 09:00 (UTC+04:00)

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir. Amma hesab olunur ki, özəlləşmə zamanı məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir. Hesab olunur ki, dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var.

Bağçaların özəlləşdirilməsi məsələsi Milli Məclisin Elm və təhsil komitəsinin keçirdiyi son iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı da qaldırılıb. Komitə sədri İsa Həbibəyli bildirib ki, özəl uşaq bağçalarında ödənişi maksimum 500 manat həddində müəyyən etmək olar: "Müxtəlif ölkələrdə bu müxtəlif cür hesablanır. Bəzi ölkələrdə minimum əmək haqqının misli ilə hesablanır. Azərbaycanda da bu həddi müəyyən etmək məqsədəuyğundur".
Təhsil eksperti Məhərrəm Zülfüqarlı düşünür ki, bağçaların özəlləşdirilməsi mümkündür, ancaq əhalinin əksəriyətinin buna imkanı çatdığı təqdirdə: “Əslində, özəl sektorun inkişafı iqtisadi inkişaf baxımından mühüm göstəricidir. Ona görə də özəl sektorun inkişafı Qərb ölkələrində müsbət qarşılanır. Cəmiyyətin də inkişafında özəl sektorun mühüm rolu vardır. Azərbaycanda da özəl sektorun inkişafı istiqamətində müəyyən işlər aparılıb və aparılır. Amma bir məsələ var ki, məktəbəqədər təhsil müəssisələri özəlləşərsə, Azərbaycan vətəndaşlarının bəziləri onun imkanlarından yararlanmaqda çətinlik çəkəcək.
Azərbaycan vətəndaşlarının əksəriyyətinin aylıq qazancı övladlarını özəl bağçalara qoymağa imkan verərsə, əlbəttə ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi müsbət nəticə verəcək. Özəl bağçalarda bir uşağın saxlanılması üçün 300-400 manat pul istənilsə, bəzi valideynlər birmənalı şəkildə bu imkandan yararlana bilməyəcək. Ona görə fikrimcə, dövlət bağçaların özəlləşdirilməsinə gedirsə, qiymətlərə də nəzarət olmalıdır ki, vətəndaş uşağını bağçaya apara bilsin. Əks halda bağçaların özəlləşdirilməsinin bir keyfiyyət göstəricisi olmayacaq”.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də dövlət bağçalarının özəlləşdirilməsini məqsədəuyğun hesab etmədi: “İmkanlı ailələr üçün ölkədə artıq özəlləşdirilmiş bağçalar onsuz da fəaliyyət göstərir. Hansı ki, bu bağçalarda da istənilən qiyməti qoyurlar. Ona görə də düşünürəm ki, mövcud olan özəl bağçalar kifayətdir və belədə dövlətə məxsus bağçaları özəlləşdirməyə ehtiyac yoxdur.
Onların özəlləşdirilməsi “İcbari təhsil haqqında” qanuna da maneələrin yaradılması demək olacaq. Çünki bu halda icbarilik hamıya müəssər olmayacaq. İkinci bir tərəfdən, bildiyiniz kimi, məktəblər uşaqların bağçalardan gəlməsini tələb edir, özəlləşdirmə aparılsa, buna da əngəl yaranacaq. Çünki heç də hamı uşaqlarını bağçaya qoymaq üçün maddi imkanlara sahib olmayacaq. Bunun əvəzində hazırkı situasiyada dövlət uşaq bağçalarının maddi-texniki imkanlarını artırmaq, oranı peşəkar kadr və mütəxəssislərlə zənginləşdirmək, baxçaya aid proqramların tədrisinin gücləndirilməsinə fikir vermək lazımdır. Özəl bağçaların yaradılması işilə ancaq pedoqoji tələbləri nəzərə almaqla imkanlı insanlar məşğul ola bilərlər”.
Rüfət NADİROĞLU