2020-ci ilədək canlı aləmin 67 faizi yox ola bilər

27 Oktyabr 2016 16:30 (UTC+04:00)

"The Guardian" yenicə açıqlanmış hesabata istinadən yazır ki, 2020-ci ilədək Yer üzündəki heyvanların üçdə ikisi yox ola bilər.

Hesabatda deyilir ki, canlı aləmin itirilməsi insanlar arasında su və başqa təbii sərvətlərə görə münaqişələrin yaranmasına gətirib çıxara bilər.

İndiyədək keçirilmiş təhlillərin ən genişində deyilir ki, 1970-2012-ci illər arasında heyvanların sayı 58 faiz azalıb və 2020-ci ilədək bu rəqəm 67 faizə çata bilər.

Dünya Canlı Təbiət Fondu WWF və London Zooloji Cəmiyyətinin birlikdə tərtib etdikləri hesabatda heyvan saylarının kəskin azalmasına səbəb kimi təbii oylaqların dağıdılması, ovçuluq və ətraf mühitin çirklənməsi göstərilir.

Heyvan növlərinin dağlardan meşələrə, çaylardan dənizlərədək geniş ərazilərdə yoxa çıxacağı, itiriləcək faunanın nəsli kəsilməkdə olan filləri və qorillaları, habelə quzğun və səməndərləri əhatə edəcəyi gözlənilir.

Hesabatda deyilir ki, canlı aləmin çöküşü və iqlim dəyişikliyi Yerin geoloji tarixndə insanın hegemon olduğu yeni dövrün - Antroposenin ən sarsıdıcı əlaməti olacaq.

"Biz bundan sonra böyük planetdə kiçik bir aləm yox, kiçik bir planetdə böyük aləm təşkil edirik" - yazıb Stokholm Bərpa Mərkəzinin icraçı direktoru, professor Johan Rockström sözü gedən hesabatın müqəddiməsində.

Canlı Aləm Fondunun rəhbəri Marco Lambertini isə yazır ki, Yer üzündə həyat özü-özünü yaşadır, bioçeşidliyin itməsi məhz bu sistemin çökməsi ilə nəticələnəcək.

O qeyd edir ki, bəşəriyyət təmiz hava və su, ərzaq və materiallar, habelə ilham və xoşbəxtlik məsələsində tamamilə təbiətdən asılıdır.

Hesabatda 3700 onurğalı heyvanın 14 min populyasiyasının monitorinqinin nəticələri araşdırılıb. Bu məlumatlardan istifadə olunaraq planetin 64 min növ heyvanı üçün proqnoz hazırlanıb.

"The Guardian" yazır ki, hazırda planet ərazisinin cəmi 15 faizi insan tərəfindən mühafizə olunur.

Məqalədə deyilir ki, heyvanların ərzaq üçün ovlanması 300-dək məməli heyvan növünün kökünü kəsə bilər.

Hesabatda deyilir ki, çaylar və göllər insan fəaliyyəti nəticəsində ən çox dağıntıya məruz qalan heyvan oylaqlarıdır. Çay və göllərdə 1970-ci ildən bəri heyvan populyasiyalarının sayı 71 faiz azalıb.

"The Guardian" yazır ki, bəzi alimlər hesabatı tənqid ediblər. Məsələn, ABŞ-dakı Duke Universitetinin professoru Stuart Pimm bildirir ki, məsələnin qoyuluşu ümumən doğrudur, lakin dəqiq məlumatlar əldə etmək üçün ayrı-ayrı qruplar, məsələn quşlar öyrənilməliydi.
Hesabatda deyilir ki, canlı aləmin itirilməsi insanlar arasında su və başqa təbii sərvətlərə görə münaqişələrin yaranmasına gətirib çıxara bilər.

Məqalədə bununla yanaşı qeyd olunur ki, bəzi heyvan növlərinin dirçəlişi də baş verir və bu çevik tədbir görülərsə böhrandan çıxmağın mümkün olduğuna ümid yaradır. Məsələn pələnglərin sayı artır, nəhəng pandalar isə nəsli kəsilməkdə olan heyvanların siyahısından çıxarılıb.

Başqa bir misal. Avropada canlı aləm oylaqlarının qorunması və ovun tənzimlənməsi nəticəsində 1960-cı illərdən bəri Avrasiya vaşağının populyasiysı 5 dəfə artıb.

Alimlər deyirlər ki, insanların bir sıra vərdişlərdən əl çəkməsi, məsələn daha az ət yeməsi malqaranın saxlanması üçün yem bitkilərinin əkilməsi məqsədilə meşələrin qırılmasına son qoya bilər.

Hesabatın sarsıdıcı təsvirlərinə baxmayaraq, alimlər adamları çarəsizcəsinə qollarını sallamamağa, canlı aləmin xilası üçün çevik şəkildə hərəkətə keçməyə çağırırlar (BBC).