Bu günlərdə AMEA-nın Hüquq və İnsan Haqları İnistitutunuda “Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz–üzə” mövzusunda “dəyirmi masa” keçirilib. İnstitutun direktoru, millət vəkili Aytən Mustafayeva tədbir haqda danışaraq deyib: “Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində zəhərli maddələr basdırırlar. Gizli laboratoriyalarda isə insanlar üzərində qadağan olunmuş əməliyyatlar aparırlar”.
Mövzu aktuallıq kəsb etsə də adından da göründüyü kimi təzə
deyil. Burada siyasi və iqtisadi, habelə mədəni və ekoloji
terrordan söhbət gedir. Xüsusilə, təbiətimizə və torpağımıza
vurulan zərərlərin miqyası ölçüyəgəlməzdir.
Əsrimizin əvvəlində (fevral-mart 2004-cü il) Ermənistan hökuməti
parlamentdə təsdiq etmək üçün «Tullantılar haqqında» qanun layihəsi
hazırlayıb. Qanun layihəsinin hazırlanması Ermənistanda zərərli və
təhlükəli tullantıların miqdarının çoxalması ilə əlaqədar idi. Bu
fikri erməni rəsmiləri mətbuatda təsdiq etmişlər. Məsələn,
Ermənistan təbiəti mühafizə naziri V. Ayvazyan 2003-cü ilin
martında kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə
demişdir ki, təkcə 2002-ci ildə Ermənistanda 327,8 min ton zərərli
tullantı yığılmışdır ki, bunların da 1,2 min tonu ekoloji cəhətdən
təhlükəli tullantı hesab olunur.
Tədqiqatlar göstərir ki, ermənilər Azərbaycana qarşı hələ 80-cı
illərdə başla¬dıqları cinayətləri indi də davam etdirirlər.
Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdikləri
ekoloji cinayətlər haqqında həm tədqiqatçılarımız, həm
rəsmilərimiz, həm də respublikanın əlaqədar orqanları,
qeyri-hökumət təşkilatları vaxtında həyəcan qaldırıblar. Təhlükəli
tullantıların sərhəd zonasında dövriyyəsi və istifadəsinin
qarşısının alınması və ona nəzarət edilməsi beynəlxalq sənədlərdə
öz əksini tapıb. Buna baxmayaraq, Ermənistan beynəlxalq sənədlərdə
irəli sürülən tələblərə məhəl qoymur və Azərbaycana qarşı ekoloji
cinayətkarlığını davam etdirir.
Milli Məclisin müvafiq komissiyası 15 il bundan əvvəl Avropa Şurası
Parlament Assambleyasına (AŞ PA) “İşğal olunmuş Azərbaycan
torpaqlarında yaranmış ekoloji vəziyyət” haqda ətraflı məlumat
verib. Ermənistan tərəfin sənaye, o cümlədən Mesamor AES-in
radioaktiv tullantılarının Azərbaycanın işğal olunmuş torpaqlarında
basdırması haqda əldə dəqiq məlumatlar var. Bütün bunlar haqda
beynəlxalq təşkilatlara dəfələrlə əsaslı məruzələr təqdim olunub.
Lakin həmin təşkilatların rəhbərləri təkidlə susmağa üstünlük
verir, daha dəqiq desək, ermənilərin əməllərinə göz yumurlar.
Niyə?
Təbii ki, Qərb ölkələrinin timsalında xristian dünyası ekoloji
fəlakətin nə olduğunu gözəl bilir və yeri gəldikcə bunu kəskin
tənqid atəşinə tuturlar. Yeri gələndə, Ermənistanın əməlləri də
istisna olunmur. Xüsusilə, fiziki və mənəvi cəhətdən aşınmış
Metsamor Atom Elektrik stansiyasının bərbad vəziyyəti region
ölkələrinin başı üzərindən asılmış domokl qılıncı təsiri
bağışlayır. Hətta neçə illər öncə Avropa İttifaqı stansiyanın
bağlanması üçün Ermənistan hökumətinə 1 milyard avro vəsait ödəməyə
hazır olduğunu bildirib. Lakin ermənilər bu təklifi rədd ediblər.
Bəlkə də bu avropalılarla ermənilərin əvvəlcədən danışılmış iş
birliyinin tərkib hissəsi olub. Hər halda təklif verilib və qarşı
tərəf rədd edib. Vəssalam. Bununla da məsələ bağlanıb və bu gün də
davam edən erməni terroruna qarşı beynəlxalq ictimaiyyət seyrçi
mövqe sərgiləməsi açıq-aydın sübut edir ki, beynəlxalq hüquq və
normalardan bəhs edən qərbli rəhbərlər əslində, dini və siyasi
təəssübkeşlik göstərərək münasibətlərdə ayrı-seçkilik yolunu
tutublar. Belə olmasaydı, türkiyəli və azərbaycanlı, hətta bir sıra
rus mütəxəssislərinin Metsamor barədə fikirlərini nəzərə
alardılar.
Lakin təəssübkeşlik yalnız dini və milli sevgidən qaynaqlanmır. Bu
məsələdə siyasi məqsədlər də əhəmiyyətli mövqeyə malikdir. Sanki
bir sıra ölkələrin rəhbərləri partlayış həddində olan bu
stansiyadan məhz Türkiyə və Azərbaycan əleyhinə psixoloji silah
qismində istifadə edir. Üstəlik, cinayətkarlar aləmi də regionda
psixoloji gərginliyin qalmasında maraqlıdırlar. Rəzalət nə qədər
güclü olarsa, baş qarışar və cinayət üçün əlverişli mühit davam
edər.
Hesab edirik ki, Dağlıq Qarabağ problemi həll olmayınca bu rəzalət
davam edəcək. Yalnız regionda sabitliyin və haqq-ədalətli sülhün
yaranması bütün digər həlli vacib məsələlərin çözülməsinə müvafiq
şərait yaradacaq.
N.NOVRUZ