Azərbaycan Respublikası Dövlət Təhlükəsiziliyi Xidmətinin (DTX)
bir neçə gün əvvəl terrorçulara qarşı keçirdiyi əməliyyatın bəzi
təfərrüatı məlum olub.
Movqe.az-ın “Report”a istinadən məlumatına görə, terrorçulardan
“Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Bakı şəhəri, Qaradağ
rayonu, Ələt qəsəbəsində zərərsizləşdirilib.
Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən
21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul
avtobusunda olmasını müəyyənləşdirib.
Əməliyyatçılar A.Quliyevi avtobusdan endirmək istəyərkən o,
üzərində olan əl qumbarasını partlatmaq istəyərək müqavimət
göstərməyə çalışıb. “Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq
nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda
olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək
məqsədi ilə “Ömər”ə atəş açaraq onu zərərsizləşdirib”, - deyə,
hüquq-mühafizə orqanlarındakı mənbə vurğulayıb.
Xatırladaq ki, DTX-nin İctimai əlaqələr şöbəsi keçirilmiş
əməliyyatla bağlı məlumat yayıb. Məlumata əsasən, A.Quliyevlə
yanaşı daha bir terrorçu məhv edilib, daha biri isə tutulub.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasında terror aktları
və silahlı basqınlar törətməyi planlaşdıran, ölkə hüdudlarından
kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı
birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli qanunsuz
fəaliyyət göstərən silahlı dəstə yaradıldığı barədə Dövlət
Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan
araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin
görülməsini zəruri edib. Müəyyən olunub ki, Azərbaycan
Respublikasının vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov
və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal
dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet
vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror
təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun
yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm
zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi
məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və
partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar
törətməyə hazırlıq hərəkətləri görüblər. Onlar müxtəlif tarixlərdə
gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror
təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını
bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin
həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait
toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu
altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret
şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali
arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır
cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında
vəzifə bölgüsü aparıblar.
Dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək
məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan
istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini
törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və
A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il
tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat
tədbirləri həyata keçirilib, bu zaman saxlanılmasına müqavimət
göstərərək ictimai yerdə "F-1" tipli əl qumbarasını partlatmağa
cəhd edən A.Quliyev, habelə "Steçkin" markalı tapançadan istifadə
edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb,
silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və
sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən
qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi
əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv
edilib, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi
tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2,
28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə
cinayət işi başlanılıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.