Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Miqrasiya Xidmətinin yeni xidməti (FOTO)

28 Oktyabr 2016 14:28 (UTC+04:00)

Oktyabrın 27-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Miqrasiya Xidməti üçün yeni elektron xidmətin rəsmi açılışı keçirilib. Avropa İttifaqının (Aİ) Azərbaycandaki nümayəndəliyindən Movqe.az-a verilən məlumata görə, ASAN-la yaxın əməkdaşlıqda Aİ-nın maliyyələşdirdiyi layihənin nəticələrindən biri olan bu xidmət kompüter proqramı əsasında, məsələn, vaxtı ötmüş viza kimi hallarda ölkəni tərk edən xaricilərin üzərinə Dövlət Miqrasiya Xidməti tərəfindən qoyulan cərimələrin ödənməsi prosesini sadələşdirir.

Prosesin avtomatlaşdırılması bürokratiyanı əhəmiyyətli dərəcədə azaldaraq, şəffaflığın artmasına səbəb olur. Bu tədbir münasibətilə Aİ səfiri Malena Mard Dövlət Miqrasiya Xidməti ilə ASAN arasındakı əməkdaşlığı alqışlayaraq, Aİ tərəfindən miqrasiya idarəçiliyi sahəsi üçün Azərbaycana 5 milyon Avronun verildiyini qeyd edib. Layihə BP şirkəti tərəfindən qısmən maliyyələşir və cəmi büdcəsi 2.6 milyon avrodur. Beynəlxalq Miqrasiya Təşkilatı Avropa İttifaqı adından layihəni idarə edir.