Ölkəmizə gələn miqrantlara “dil şərti” qoyula bilərmi?

16 Yanvar 2013 16:40 (UTC+04:00)

Azərbaycanda yaşayan və işləyən miqrantların Azərbaycan dilində testdən keçirilməsi təklif olunur. Milli Məclisdən verilən məlumata görə, bu məsələ bir qrup deputatın təşəbbüsü ilə bu il müzakirəyə çıxarıla bilər. Bununla bağlı "Əmək miqrasiyası haqqında" qanuna dəyişikliklər də ola bilər. Təklifə görə, mənzil-kommunal təsərrüfatında, pərakəndə ticarət və iaşə xidmətləri sahəsində çalışmaq istəyən xarici vətəndaşlar Azərbaycan dilindən imtahan verməli olacaqlar. İmtahan verən xaricilərə isə dövlət tərəfindən təsdiq edilmiş sertifikat veriləcək. Qeyd edək ki, belə bir qanun artıq Rusiyada qəbul olunub. Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya açıqlamasında bildirib ki, əvvəl Azərbaycanda kənara gedənlərin sayı çox idisə, indi Azərbaycana gələnlərin sayı çoxdur: "Bura miqrantlar üçün daha maraqlıdır. Xüsusilə əmək miqrasiyası məsələsi çox sürətlə baş verir. Amma hesab edirəm ki, belə tezliklə miqrantların məcburi formada Azərbaycan dili testindən keçməsinə zərurət yoxdur. Çünki hələlik bu məsələ ilə bağlı o mərhələdə deyilik. Biz iqtisadi inkişafımızla bağlı əmək miqrasiyasında maraqlıyıq. Bu məsələyə baxmaq üçün müəyyən vaxtın keçməsi lazımdır". Komitə sədri onu da deyib ki, Azərbaycana gələn miqrantların çoxu dövlət dilini öyrənməkdə çox maraqlıdırlar.

Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə bu təklifə qətiyyən ehtiyac olmadığını söyləyir. Mərkəz  rəhbəri Movqe.az-a müsahibəsində deyib ki, bu məsələdə Rusiyanın təcrübəsindən bəhrələnmək yersizdir. Onun sözlərinə görə, Rusiya bu qaydanı ölkəsində yaşamaq istəyən əcnəbilərə şamil edib: "Rusiya ABŞ-dan sonra əməkçi miqrantların axın etdiyi ikinci ölkədir. Ona görə də, Rusiya miqrasiya ilə bağlı qanunu sərtləşdirməlidir ki, bu axının bir qədər qarşısı alınsın. Rusiya müvəqqəti işləmək ücün ölkəsinə gələn əməkçi miqrantların qarşısında  dil öyrənmələri ilə bağlı tələb qoymur. Bu tələb Rusiyada yaşayıb, həmin ölkədə işləmək istəyənlərə tətbiq edilir. Azərbaycanda isə imiqrant statusu az-az adamlara verilir. Bu isə "Vətəndaşlıq Haqqında" qanuna müvafiq tənzimlənir. Azərbaycanda yaşamaq ücün imiqrant statusu alan əcnəbilərin əksəriyyəti ölkəmizə sərmayə qoyan, yaxud azərbaycanlı ilə ailə quran şəxslərdir. Onlara məcbur etmək olmaz ki, sən bu ölkənin iqtisadiyyatının hansısa sahəsinə sərmayə qoyursansa, mütləq bizim dilimizi bilməlisən. Bu Azərbaycanın investisiya mühitinə mənfi təsir göstərər. Onda ölkəmizə sərmayə qoyanlar bu qadağaya görə, öz sahibkarlıq fəaliyyətlərini başqa ölkələrdə davam etdirmək barədə düşünərlər. Yaxudda, Azərbaycan vətəndaşı ilə ailə quran əcnəbinin qarşısında dilimizi öyrənməklə bağlı şərt qoymaq olmaz. Bu da ailə birləşmələrinə əngəl yarada bilər".

Ə.Əliyev Azərbaycanda işləyən əməkci miqrantlara da bu qaydanın tətbiqinin yol verilməz olduğunu söylədi. Onun sözlərinə görə, ümumiyyətlə belə bir təklifin səsləndirilməsi üçün hec bir zərurət yoxdur.