Qarabağ münaqişəsinə fərqli yanaşılacaq

29 Oktyabr 2016 09:15 (UTC+04:00)

“Dağlıq Qarabağ münaqişəsinin həllinə digər münaqişələrdən fərqli yanaşılmalıdır. Regionda müxtəlif xalqlar birlikdə sülh şəraitində yaşamalıdır”. Bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib.

Avropalı qonaq bildirib ki, bu münaqişənin xüsusiyyətlərini çox diqqətlə nəzərdən keçirmək lazımdır: “Bizim üçün bir nömrəli məsələ budur ki, münaqişədən əziyyət çəkən insanların narahatlıqları və səsləri eşidilsin”. Siyasilərin fikrincə, “fərqli yanaşılmalıdır” ifadəsi özülüyündə ölkəmiz üçün ümidvercidir. Amma əsas sözdən əmələ keçməkdir.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, politoloq Araz Aslanlı bildirdi ki, Avropa İttifaqının Qarabağ probleminə yanaşmasında bu günə qədər birmənalı mövqe olmayıb: “Müəyyən mərhələlərdə bizi razı salan məqamlar olub. Biz bir neçə dəfə ən azından işğal faktının vurğulandığını görmüşük. Eyni zamanda Azərbaycan ilə Avropa İttifaqının münasibətləri o qədər də yüksək səviyyədə olmasa da, bir strateji xətt var. Ən azından enerji, ümumi təhlükəsizlik, nüvə məsələləri üzrə Avropa İttifaqının yanaşmalarında bizi qane edən məqamlar daha çoxdur.
Sırf Qarabağla bağlı isə onların işğal faktını qeyd etmələri Azərbaycan üçün yaxşıdır. Bu, həm də Herbert Zalberin dediyi fikirlər fonunda yaxşıdır.
Amma münaqişələri ümumiləşdirəndə bəzən o mövqe ortaya çıxır ki, onsuz da çox münaqişə həllsiz qalıb. Biz isə həllsizliyi qəbul etmirik. Ümumiyyətlə, Cənubi Qafqazdan, xüsusi ilə də Qarabağ probleminin həllindən söhbət getdikdə Azərbaycanın xüsusiliyi nəzərə alınmalıdır. Həmçinin Cənubi Qafqazda ümumi etnik mənzərənini xüsusiliyi də unudulmamalıdır. Yəni, münaqişəyə xüsusi yanaşılmalı, onun həlli ilə bağlı proses də qlobal proseslərin fonunda getməməlidir. Bu çərçivədə deyibsə, fikirləri alqışlanasıdır. Bəlkə bu yanaşma gələcəkdə Aİ-nin münaqişənin həllində daha aktiv olmasına töhfə versə, daha müsbət nəticələr gözləyə bilərik. Düzdür, ümumi yanaşma olaraq bizə xoşdur. Amma yanaşmadan bir qədər qabağa keçmək daha yaxşı olardı. Konkret addımlar atılmalıdır. Azərbayan Minsk qrupunun fəaliyyətindən narazıdır. Avropa İttifaqının nümayəndəsinin mövqeyi Minsk qrupuna da aktivlik gətirə biləcəksə, Azərbaycan üçün məqbuldur”.
Digər siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, Avropa təsisatlarının nümayəndələrinin bu qəbildən bəyanat vermələri ilk dəfə deyil: “Bunlar gözəl səslənir və konstruktiv xarakter daşıyır. Ancaq əməldə nə baş verir? Əməldə baş verənlər qətiyyən Azərbaycan tərəfini qane edə bilməz. Bu cür gözəl fikirlər dəfələrlə səsləndirilib. Nəticədə isə real vəziyyətdə heç bir dönüş görmürük. Vaxt ötür və status-kvo dəyişmir. Status-kvonu dəyişdirəbiləcək məqam aprel ayındakı müharibə oldu. Bundan sonra Avropa təsisatları nə kimi dəyişikliklərə gedəcəyinin, bilvasitə idarəçiliyində olan Minkss qrupuna hansı təsir göstərə biləcəyinin şahidi olucağıq. Bunun sonunun necə olmasını görmək üçün zaman tələb olunur”.
Mübariz BAYRAMOV