“Erməni mətbuatının yaydığı guya Talış kəndində aprel
hadisələrində məhv edilmiş Sisianlı quldurlara abidə açılışı zamanı
təntənəli mərasim keçirilməsi barədə informasiya absurd,
qeyri-peşəkar, uğursuz təqdim edilmiş və gülünc doğuran
xəbərdir”.
Bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar
Aydəmirov bildirib.
General-leytenant Y. Aydəmirov deyib ki, bu, Ermənistan və qondarma
Dağlıq Qarabağ hərbi-siyasi rəhbərliyinin panikada olan, ordan
qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa
sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat
hiyləsindən başqa bir şey deyildir: “Əvvəla, ermənilər bu cür
məlumat yaymaqla Ermənistanın Azərbaycan ərazilərinin işğalında
birbaşa iştirak etdiyini və aprel hadisələrində təkcə bir
istiqamətdə böyük itkilər verdiklərini növbəti dəfə boyunlarına
almış oldular. Məkanı bəlli olmayan, haradasa cəbhəboyu zonadan
kənarda, dağların arxasında keçirilmiş kiçik tədbirdən çəkilmiş və
montaj edilmiş fotoda bir qrupun yığışaraq "təntənəli keçidi"
izləməsi heç də "möhtəşəm" mərasimin keçirilməsi demək deyil. Ora
toplaşanlar isə separatçıların dəstə başçısı Saakyanın özü ilə
gətirdiyi tör-töküntüləridir. Mənə, hərbiyə yaxın olan bir şəxs
kimi, tam məlumdur ki, Talış kəndi yaxınlığında düşmənin hətta 2-3
hərbi qulluqçusunun belə birlikdə rahat hərəkət etməsi
qeyri-mümkündür. Tam məsuliyyətimlə sizi əmin edirəm ki,
qoşunlarımız həm Talış kəndi ətrafındakı yüksəklikləri, həm də
düşmənin dərinliyindəki əraziləri daim nəzarətdə saxlayır”.