Dərsi pozan şagirdi necə cəzalandırmaq lazımdır?

16 Yanvar 2013 17:15 (UTC+04:00)

Ölkənin ümümtəhsil məktəblərindən birində, müəllimin şagirdə fiziki zorakılıq göstərməsi faktı, təhsil nümayəndələrini şagirdlərin cəzalandırılması metodları üzərində düşünməyə vadar edib. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı deyib ki, dərsi pozan şagird və tələbələrə qarşı inzibati cəzalar qanunvericilikdə mütləq öz əksini tapmalıdır. Onun sözlərinə görə, bu cəzalar şagirdin, tələbənin maddi cəhətdən cəzalanması, dərsdən kənarlaşdırılması, müəllimlə hər hansı problemi olduqda şagirdin sinfinin dəyişdirilməsi ola bilər. "Bəzi ölkələrdə şagirdin, tələbənin dərsə davamiyyəti və digər hallarla bağlı problemlər yarandıqda onlar orta və ali məktəblərə müəyyən miqdarda pul köçürürlər. Belə bir cəza da ola bilər", - Naxçıvanlı deyib. Millət vəkili hesab edir ki, inzibati cəzaların nələrdən ibarət ola biləcəyini ilk növbədə məktəblər özləri fikirləşməlidirlər. Onun fikrincə, amma inkişaf etmiş cəmiyyətdə yaşadığımızdan şagird üçün cəza tədbiri tapmaq da düzgün deyil. Naxçıvanlının sözlərinə görə, müəllimin şagirdə əl qaldırması müəllimliyə yaraşmayan haldır. Müəllim öz şagirdinə müxtəlif üsullarla təsir edə bilər. Müəllim bunun üçün şagirdin valideynini məktəbə dəvət edə, şagirdin özü ilə fərdi söhbət apara, hadisənin başvermə səbəbini aydınlaşdıra bilər.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar tərbiyə şöbəsinin müdiri Ağababa İbrahimov isə bildirib ki, dərs prosesini pozan şagird ən azı hansısa inzibati cəzalara məruz qala, cərimələnə bilər. İbrahimov deyib ki, dərs prosesi pozulursa, müəllim, sinif rəhbəri, məktəb direktoru günahlandırılır: "Ancaq məsələnin mahiyyətinə varılmır, nəzərə alınmır ki, belə uşaqlar sinifdə 20-25 uşağın tədrisini pozur, bir uşaq bir sinfi korlayır. Ancaq qanunvericilikdə buna qarşı hansı inzibati tədbirlər nəzərdə tutulub? Dərs prosesini pozan uşaq ən azı hansısa inzibati cəzalara məruz qalmalı, maddi baxımdan cəzalanmalıdır. Bu, çox vacib məsələdir".

Bəs görəsən dərsi pozan şagirdin intibati qaydada cəzalandırılması nə dərəcədə düzgündür? Ümumiyyətlə dərsi pozan şagird hansı formada cəzalandırılmalıdır? Döyülərək, yaxud cərimələnərək? Bu sualları Movqe.az-ın əməkdaşı  təhsil sahəsində müstəqil ekspertə ünvanlayıb: "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"nin Proqram rəhbəri Elmina Kazımzadə deyir ki, hazırda təhsilin Azərbaycanda şagirdin şəxsiyyətinə yönəldildiyini nəzərə aldıqda, məktəblinin təhsil müəssisəsində, xüsusilə dərs vaxtı zorakılığa məruz qalması qəbulolunmaz haldır. Elmina Kazımzadə dərsi pozan şagirdin cərimələnərək cəzalandırılması təklifini də dəstəkləmədiyini söyləyir. Onun sözlərinə görə, ümumiyyətlə cəza növlərinin hazırlanmasından çox, şagird və müəllim arasında bu arzuolunmaz halların yaşanmasının qarşısını almaq yönündə təkliflər hazırlanmalıdır: "Öncə fikirləşmək lazımdır ki, müəllimlə şagird arasında bu konfliktlər hansı səbəbdən yaranır?Müəllimlə şagirdin hansı səbəbdən konfliktə girməsi səbəbləri üzə çıxmalıdır. Bundan sonra bu konfliktlərin qeyri-konstruktiv yolla həllinin qarşısının alınması üzərində düşünmək lazımdır. Müəllimin peşəkarlığı elə həddə olmalıdır ki, bu konflikt qeyri-konstruktiv yolla həllini tapmasın. Müəllim o qədər peşəkar pedaqoq olmalıdır ki, şagirdlə aralarında olan konflikti  fiziki zorakılıqla yox, konstruktiv yolla aradan qaldıra bilsin. Mənim fikrimcə, belə olan halda bu cür arzuolunmaz halların qarşısı alına bilər".

Təhsil üzrə ekspert deyir ki, məktəblini istənilən halda dərsi pozduğuna görə cərimə etmək olmaz. Nəzərə almaq lazımdır ki, onun hər hansı qazanc mənbəyi yoxdur. Belə halda şagird o cəriməni ödəmək üçün müxtəlif qanunsuz yollara, hətta cinayətə əl ata bilər. Şagird yalnız məktəbin əmlakına zərər vurduğu halda cərimələnə bilər. Başqa hallarda şagirdin cərimələnməsindən söhbət gedə bilməz".