"İraq türkmənlərinin faciəsinə susmağa haqqımız yoxdur!" - Aqil Acalov

31 Oktyabr 2016 11:37 (UTC+04:00)

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov İraq türkmənlərinin acınacaqlı vəziyyətindən söz açaraq insanlarımızın onların faciəsinə laqeyd qalmalarına sərt münasibət bildirib.

"İraq türkmənləri, soydaşlarımız dörd bir tərəfdən amansız qatillərin mühasirəsindədir. Güc savaşının, din pərdəsi altında aparılan oyunların ortasında yalnız qalıblar, köməksiz qalıblar. Bütün bunları görüb susmağa bizim haqqımız yoxdur. Bölgədə kifayət qədər böyük etnik qrup olsalar da, heç bir hüquqları yoxdur, qismətlərinə düşənsə qətliamlar və köçrülmələrdir".

Federasiya prezidenti İraq türkmənlərinin Azərbaycan türklərinə ən yaxın etnik qruplardan olduğunu da xatırladıb: "Bölgədə hər kəs onları həm də Azərbaycan türkləri kimi tanıyır. Ona görə də onlar ən çox köməyi, dəstəyi bizdən gözləyirlər. Bizdən olub, bizdən kömək görməyən topluluqdur İraq türkmənləri. Mosulun, Kərkükün, Telaferin və digər şəhərlərin sakinləri, türkmən qardaşlarımız Bakıya dikiblər ümidlərini, haraylarına hay verməyimizi, acılarına ortaq olmağımızı son ümid, son çarə kimi gözləyirlər. Bizim susmağımızı, bizim laqeydliyimizi tarix bizə bağışlamayacaq".

Aqil Acalov bu məsələyə gənclərin biganə yanaşmağını da sərt sözlərlə tənqid edib: "Avropada baş verən terrorlara, dünyanın müxtəlif ölkələrində tökülən qanlara etiraz səsimizi duyururuq. Amma nədənsə qardaşlarımıza, soydaşlarımıza qarşı eyni münasibəti göstərmirik. Müxtəlif aksiyalar keçirə, dünyanı bu məsələyə qarşı daha duyarlı olmağa səsləyə bilərik. Televiziyaların, çap və internet mediasının da bu məsələdə mövqeyi, rolu önəmlidir. İraq türkmənlərinin faciəsini, iztirablarını işıqlandırmaq vacibdir. İstərdim ki, mətbuatımız terrorçuların hədəfinə çevrilən qardaşlarımıza biganə qalmasınlar".