LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
16 Yanvar 2013 17:01 (UTC+04:00)
Sosial-iqtisadi sahədə həyata keçirilən dövlət siyasətinin əsas
məqsədlərindən biri də ölkədə sahibkarlıq institutunun inkişaf
etdirilməsi ilə bağlıdır. Təqdirəlayiq haldır ki, qeyd edilən
istiqamətdə həyata keçirilən tədbirlər son illər ərzində
Azərbaycanda sahibkarlıq institutunun dinamik tərəqqisi ilə
müşayiət olunmaqda, xüsusən də regionlarda çoxsaylı yeni özəl
istehsal və xidmət müəssisələrinin yaranmasına rəvac
verməkdədir.
Bu gün Azərbaycan regionlarında çoxsaylı sahibkarlıq institutları
fəaliyyət göstərir və onların sayının çoxaldılması istiqamətində
dövlət tərəfindən müvafiq addımlar atılır. Burada bir məqamı da
xüsusi olaraq vurğulmaq lazım gəlir ki, istər paytaxtda, istərsə də
regionlarda sahibkarlığın dinamik inkişafını şərtləndirən ümdə
səbəblərdən biri qeyd olunan sahə üzrə də mükəmməl qanunvericilik
bazasının yaranması və müstəqillik dövründə həyata keçirilən
müvafiq dövlət proqramlarıdır.
Xatırlatmaq yerinə düşərdi ki, hələ 1997-ci ilin 24 iyun tarixində
"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət
Köməyi Proqramı (1997-2000-ci illər üçün)" qəbul olundu və bu
proqramın hazırlanması mühüm bir zərurətdən irəli gəlirdi. Çünki
ölkədə sahibkarlığın inkişafını nəzərdə tutan və 1993-1995-ci
illəri əhatə edən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin
yalnız bir qismi həyata keçirilmişdi. Düzdür, yeni proqramın
qəbuluna qədər sahibkarlığın hüquqi bazasının yaradılmasında zəruri
səviyyəyə nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti
hüququ Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit
edilmişdi. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan
"Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar
cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası
haqqında", "Lizinq xidməti haqqında" qanunlar və bazar
iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər
qanunlar da qəbul olunmuşdu. Eyni zamanda sahibkarlıq fəaliyyətinin
dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri
normativ sənədləri hazırlanmış, sahibkarlığın bazar
infrastrukturunun formalaşdırılması, təhsil sisteminin və
informasiya təminatlarının yaradılması istiqamətində müəyyən
nəticələr əldə edilmişdi. Azərbaycan Respublikasının Sahibkarlığa
Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi,
bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri
yaradılmışdı. Amma yeni proqamın qəbuluna kimi əhalinin sahibkarlıq
potensialının gerçəkləşməsi məhdud, sahibkarların ölkə
iqtisadiyyatının inkişafında təsiri zəif xaratker daşyırdı.
Formalaşan sahibkarlıq strukturları isə on illər boyu yaradılmış
intellektual potensialı əks etdirmir, həmin potensialdan səmərəli
istifadəyə və sağlam rəqabət tələblərinə uyğun fəaliyyətə
istiqamətləndirilmirdi. Halbuki ölkədə etibarlı siyasi sabitliyə
nail olunması və dünyanın məşhur neft şirkətləri ilə Azərbaycanda
neft hasilatı barəsində müqavilələrin bağlanması sahibkarlığın
inkişafına əlverişli imkanlar açırdı. Belə bir şəraitdə
sahibkarlığın inkişafını nəzərdə tutan yeni dövlət proqramının
hazırlanaraq icraya yönəldilməsi böyük zərurət kəsb edən məsələyə
çevrilmişdi.
"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət
Köməyi Proqramı (1997-2000-ci illər üçün)" alı sənəddə də
vurğulanırdı ki, kiçik və orta sahibkarlığın sürətlə formalaşması
Azərbaycan cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin
həllinin vacib amillərindən biridir. Azərbaycan Konstitusiyasına və
"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının
Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanan yeni
proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan
iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya
iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin
formalaşdırılmasından ibarət idi. Proqramın üstün sayılan mühüm
istiqamətləri isə aşağıdakılar idi: ölkənin insan amilinin, təbii
ehtiyatlarının və texniki potensialının daxili bazarın
formalaşmasında iştirakının gücləndirilməsi; sahibkarlığın
iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq amilinə
çevrilməsi; yaradıcılıq qabiliyyəti olan işsizlərin sahibkarlıq
fəaliyyətinə cəlb edilməsi imkanlarını genişləndirməklə ölkədə
əhalinin işlə təmin olunması prosesinin gücləndirilməsi; gənclərin
sahibkarlıq fəaliyyətinə ardıcıl cəlb olunması imkanlarının
genişləndirilməsi; sahibkarlığın etibarlı müdafiə sisteminin
yaradılması. Sahibkarlığın ardıcıl inkişafını təmin etmək üçün
proqrama əsasən, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi,
təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi,
səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə
sisteminin formalaşdırılması əsas vəzifələr kimi qarşıya
qoyulurdu.
Beləliklə, yeni proqramda əsas vacib məqamlar milli iqtisadiyyatda
kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsi, bu
sahədə qanunvericiliyin möhkəmlənməsi, iş adamları üçün
maliyyə-kredit sisteminin formalaşması, biznesin elmi-metodiki
bazasının yaradılması üçün müvafiq zəmin formalaşdırması idi.
Proqramda müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi,
kiçik sahibkarlığın idarəolunma və maliyyə mexanizminin müəyyən
edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi və digər köklü
tədbirlər sahibkarlığın inkişafını daha da sürətləndirdi. Bu
inkişafı daha da sürətləndirmək məqsədilə ümummilli lider Heydər
Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq
vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil
qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin
layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin
hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı
yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək,
vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi,
vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının
genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu
işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il
tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul
edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi
sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara
uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu.
Bundan öncə isə vergi münasibətlərini tənzimləyən bir sıra
qanunlar, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak
vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların
mənfəət vergisi haqqında" (1996-cı il) qanunlar qəbul edilməsi,
qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin
gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və
dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf
etməsində mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin sahibkarlara
birbaşa qayğısı altında vergi dərəcələrinin mütəmadi olaraq
endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin
artmasında özünəməxsus rol oynadı. Xüsusən də müəssisə və
təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv
sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə
vergi dərəcələrinin tədricən 35 faizdən 24 faizə endirilməsi,
ƏDV-nin dərəcəsinin 28 faizdən 18 faizədək azaldılması, bir sıra
vergilərin ləğv edilməsi, sosial sığorta ayırmalarının 40 faizdən
22 faizədək aşağı salınması, eləcə də vergilərin ümumi sayının
15-dən 9-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı
ilə məşğul olan sahibkarların 2014-cü ilədək torpaq vergisi istisna
olmaqla, digər vergilərdən azad edilməsi sahibkarların maddi
gəlirlərinin artmasını təmin etməklə yanaşı, onların fəaliyyətinin
stimullaşmasında da əsas təkanverici amillərdən biri oldu.
Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan
çatışmazlıqların tam aradan qaldırılmaması və iqtisadiyyatın
inkişafı dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların
davamlı olmasını zəruri edirdi. Ümumiyyətlə, dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və
xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının
alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə
halları ilə mübarizənin gücləndirilməsi kimi məsələlər daim ulu
öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Bu məqsədlə ulu
öndərin 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin
təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni
maneələrin aradan qaldırılması haqqında", 2002-ci il sentyabrın
28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının
alınması haqqında" fərmanları göstərilən istiqamətdə vacib rol
oynadı.
Tarixi əhəmiyyət kəsb edən bu fərmanlarda dövlət qurumları ilə
sahibkarlıq subyektləri arasında olan problemlər tam təsvir olunur
və onların aradan qaldırılmasının konkret istiqamətləri
müəyyənləşdirilirdi. Sonuncu fərmana əsasən, Daxili İşlər
Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğv
edilməsi və məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının
sahibkarlıq fəaliyyətinə müdaxiləsinin qadağan edilməsi isə
sahibkarların müdafiəsi istiqamətində vacib xarakter daşıyırdı.
Prezidentin tapşırığına əsasən, şəhər və rayon icra hakimiyyətləri
başçıları öz səlahiyyətləri daxilində nəzarət və yoxlama
funksiyalarını həyata keçirən müxtəlif qurumları 10 gün müddətində
ləğv etdilər.
Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış
olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını
hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə də
xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci
il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici
sahibkarlarla şəxsən görüşünü, sahibkarların hər birinə şifahi və
ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait
yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf
etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə
olunmasının ən gözəl və səmərəli forması idi.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi
olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin
avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və
sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin
əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin
fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu
sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəki proqramın bir növ
məntiqi davamı sayılırdı. "Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı
sənədin uğurlu icrası nəticəsində sahibkarlığın hüquqi bazası
inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində
əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçik və orta sahibkarlığa (KOS)
təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar
genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi. Eyni zamanda
KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar
üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı
rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdı.
Bununla yanaşı, sahibkarların hüquqlarının və qanuni mənafelərinin
qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər
görülmüşdü. Həmçinin sahibkarlıq fəaliyyətinə qanunsuz
müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan
qaldırmaq məqsədi ilə "Nəzarət kitabçası"nın tətbiqinə
başlanılmışdı. KOS-ların regional infrastrukturlarının fəaliyyəti
genişlənmiş, sahibkarların ictimai və peşə birliklərinin
formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılmış,
onların inkişafı sahəsində beynəlxalq, regional və xarici
dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq əlaqələri
genişlənmişdi.
Bütün bunlar regionlarda da sahibkarlığın tərəqqisinə təsirsiz
ötüşmürdü.
Elşən BAYRAMOV
(ardı var)
Yazı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən
maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi" layihəsi çərçivəsində çap olunub.