Azərbaycan XİN-ni Serj Sarkisyana cavab verdi

16 Yanvar 2013 18:40 (UTC+04:00)

Ermənistan Prezidenti Serj Sarkisyanın ziddiyətli və aqressiv bəyanatları ondan xəbər verir ki, bu ölkənin rəhbərliyinin gələcəyə baxışı yoxdur. Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Sarkisyanın yanvarın 15-də Yerevanda Azərbaycanın ünvanına mənfi çıxışını şərh edərkən deyib. "Belə təsəvvür yaranır ki, Ermənistan Prezidenti öz tamahkar məqsədinə çatmaq və Ermənistanın daxili və xaricində müəyyən dairələr tərəfindən bəyənilmək xatirinə onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirir", - Abdullayev qeyd edib. Onun sözlərinə görə, Sarkisyan Ermənistan və Azərbaycan xalqları arasında dərinləşən düşmənçilik görüntüsü yaratmağa nə qədər çalışsa da, Azərbaycanın praqmatik və uzaqgörən strategiyası bunun əksini göstərəcək. "Azərbaycan həmişə dinindən asılı olmayaraq, müxətlif millətlərin tolerant və dinc şəraitdə mövcudluğunun mərkəzi olub və olacaq. Məsələn, hazırda ölkəmizdə 30 min erməni yaşayır", - Abdullayev vurğulayıb. Mətbuat katibinin sözlərinə görə, Sarkisyanın aqressiv ritorikadan regionun inkişafına böyük zərər yetirmək üçün istifadə etdiyi təsəvvürü yaranır.