Antimilli qüvvələrin göz dağına çevrilən ordu

17 Yanvar 2013 07:41 (UTC+04:00)

Ölkəmizdə ən müasir tələblərə uyğun ordu quruculuğu fonunda son vaxtlar Silahlı Qüvvəlrin bu növündə baş verən hadisələrdən siyasi məqsədlər üçün istifadə etməyə cəhd edənlərin olması da aydın müşahidə edilir. Neqativ halların hər kəs tərəfindən pislənilməsini isə yenə də antimilli qüvvələrimiz daha fərqli dəyərləndirməyə çalışdılar. Qanun çərçivəsində həll oluna biləcək məsələləri yenə də onlar siyasi müstəviyə çıxarmağa cəhd göstərdilər.

Onlar ideal cəmiyyətin, ideal idarəçiliyin qeyri - mümkünlüyünü anlasa da, problemin həllindənsə, onu siyasiləşdirməyə, məsələni bu fonda qabartmağa üstünlük verdi. Təbii ki, daxili və xarici siyasətdə müsbət əməyi olmayanların bu hərəkətləri də müsbət qiymətləndirilmir. Ölkə Prezidenti İlham Əliyev də həmin qüvvələrin bu məqsədli iddialarını pisləyib. Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər: "Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir".

Siyasi şərhçilər də hadisələri fərqli qiymətləndirənlərin hərəkətlərini siyasi məqsəd hesab edərək, bunun yolverilməz olduğunu önə çəkirlər. Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Gülalıyev bildirir ki, bu gün Azərbaycanda kifayət qədər strukturlaşmış, döyüş qabiliyyəti formalaşmış bir ordu var: "Belə olsa da neqativ hallardan tam sığortalanmaq o qədər asan bir iş deyil. Yəni, müəyyən dərəcədə neqativ halların olması ordulara xas olan bir işdir. Son 10 ildə artıq Azərbaycan ordusu həm döyüş qabiliyyətinə, həm də texniki təminatına görə, kifayət qədər formalaşmış orduya çevrilib. Belə olan halda hansısa bir hadisənin baş verməsi mümkündür, lakin o şişirdilməməlidir. Çünki, ordu dövlətin həm daxili, həm də xarici təhlükəsizliyi üçün xüsusi statusa malikdir. Onun, hətta hansısa bir zəifliyi varsa belə, bunun göstərilməsi, neqativ hallarının şişirdilməsi sonda dövlətin və ordunun təhlükəsizliyinə ciddi təhdid yaradır. Əsas da ordunun döyüş qabiliyyətinə inam xüsusi rol oynayır. Cəmiyyətdə orduya inam olmasa, valideynlər övladlarının xidmətlərinə müəyyən maneçilik törədəcəklər. Digər tərəfdən məsələnin bilərəkdən siyasiləşdirilməsi, mahiyyətinin təhrif edilməsi əsgərlərin döyüş ruhuna mənfi təsir göstərə bilər. Ona görə də belə hallarda psixoloji təsir yaratmaq arzuolunan deyil. Əsgərin ölümünə qarşı narazılıq olmalıdır. Amma bunun şişirdilməsi, ölkənin sərhədlərindən kənara yayılması, orduya, nizam - intizama, təhlükəsizliyə aid olmayan kampaniyaların keçirilməsi ordunun döyüş ruhunun aşağı salınması istiqamətində cəhdlər deməkdir. Yəni, bu kampaniyalar orduda xidmətə bir qorxu hissi yaradır. Bu da orduya olan inama ciddi ziyan gətirə bilər. İnamın azalması cəmiyyət - ordu münasibətlərin ən dəhşətli bir hadisədir. Ona görə də nə qədər mümkünsə, bunları qanun çərçivəsində həll etmək lazımdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli bildirir ki, ordu da cəmiyyətin bir hissəsidir: "Cəmiyyətdə baş verən hallar orduda da baş verir. Amma bu məsələyə yanaşmada iki mövqe olub. Birincisi, bütövlükdə hər şeyi qara görən, böhtançılıqla məşğul olanlar, istənilən vəziyyətdən özlərinin siyasi maraqlarına görə yararlanmaq istəyənlər. Digərləri isə Azərbaycan ordusunu daha güclü görən və istəyənlər.

Orduda baş verən son hadisədən heç bir qurum, heç kəs xali deyil. Belə işlər cəmiyyətdə də, orduda da baş verə bilər. Amma son hadisənin fərqli olaraq şou şəklində ortalığa çıxarılması prosesdən ayrı - ayrı qüvvələrin sui-istifadəsini nümayiş etdirdi. Halbuki, baş verən hadisənin təxribat olub - olmadığını bütün detalları ilə qanuni istintaq ortalığa qoyacaq".

Elçin Mirzəbəylinin sözlərinə görə, ölkə daxilində və xaricində siyasi maraqlarının təmin olunması üçün istənilən hadisədən yaralanmaq istəyən qüvvələr var: "Bu baxımdan bütün bunlara cəmiyyət, media, siyasi partiyalar da hazırlıqlı olmalıdır. O siyasi partiyalar ki, ölkənin siyasi sisteminə inteqrasiya olunmaq istəyirlər. Azərbaycanın mövcud Konstitusion qanunları çərçivəsində siyasi proseslərin inkişafını arzulayanlar da baş verənlərə hazırlıqlı olmalı və öz məqsədləri üçün istifadə etməməlidirlər. Azərbaycanda və bütövlükdə regionda maraqları olan ayrı - ayrı xarici qüvvələr də yaranan hər hansı bir hadisədən öz maraqları üçün yaralanmağa çalışmamalıdırlar".