"Sevinc Babayevanın ölümünün səbəbinin aydınlaşdırılması üçün ilk gündən nə lazımdırsa edilib. İlkin müşahidələr Sevinc Babayevanın ürək-damar çatışmazlığından vəfat etdiyinə işarə edirdi. Daha sonra meyit tibbi ekspertizaya göndərilib. Oradan alınacaq nəticəyə görə, ölümlə bağlı başlanmış təhqiqatın çərçivəsi ya qapanacaq, ya da genişlənəcək".
Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında İstanbulun Böyükçəkməcə rayonunun baş prokuroru Fuad Arı deyib. Baş prokurorun sözlərinə görə, Esenyurt dövlət xəstəxanasına daxil olarkən Sevinc Babayevanın üzərində heç bir sənəd olmayıb: "Türkiyə qanunlarına görə, şəxsiyyət vəsiqəsi və ya pasportun olmaması xəstənin təcili yardıma qəbul edilməməsi üçün səbəb ola bilməz. Məryəm Solmaz adını Sevinc Babayevanı xəstəxanaya aparan şəxs qeydiyyat bölməsinə deyib, ikinci xəstəxanaya da o adla göndərilib. Məryəm Solmaz adına çıxarılan hər hansı şəxsiyyət vəsiqəsi də yoxdur".
F. Arı İnterpol axtarışında olan Sevinc Babayevanın Türkiyəyə
girişinin və orda yaşamasının necə mümkün olması barədə suala
cavabında deyib ki, S. Babayeva İnterpol axtarışına Türkiyəyə
gələndən sonra verilib və ölkəyə girişindən sonra bir daha
Türkiyəni tərk etməyib (Sevinc Babayeva Türkiyəyə sentyabrın 25-də
daxil olub-red.).Baş prokurorun dediyinə görə, bu səbəbdən S.
Babayeva İnterpolun axtarış şəbəkəsindən yayına bilib. F. Arı
"Azərbaycan Baş Prokurorluğunun açıqlamasında Sevinc Babayevanı
Türkiyədə Səlcuq Ağlayan adlı Türkiyə vətəndaşının himayə etdiyi
bildirilir. Təhqiqatda Səlcuq Ağlayanla bağlı hər hansı addım
atılıbmı" sualına cavabında bunları deyib: "Səlcuq Ağlayan bir gün
polis nəzarətində saxlanılıb və dindirilib. Lakin təhqiqat
aparıldığına görə, bu barədə geniş məlumat vermək istəmirəm. Hər
şey tibbi-ekspertizanın rəyinə bağlıdır, əgər Sevinc Babayeva öz
əcəli ilə ölübsə, onda iş qapanacaq. Tibbi-ekspertiza ölümün normal
olmamasına dair raport verərsə, təhqiqat genişləndiriləcək. Bu işdə
Azərbaycanın atacağı addımlar önəmli rol oynayacaq. Ədliyyə
Nazirliyimizin təlimatı ilə bu işlə bağlı lazımi məlumatlar
vaxtaşırı Azərbaycanın hüquq-mühafizə orqanlarına verilir".