Bakıda lombard sahibi 300 nəfərin qızılını götürüb qaçdı

17 Yanvar 2013 10:50 (UTC+04:00)

Bakının Nizami rayonu ərazisində, daha dəqiq metronun "Neftçilər" stansiyası yaxınlığında fəaliyyət göstərən lombardlardan birinin sahibi camaatın qızılını-pulunu yığıb aradan çıxıb. Artıq bir ildən çoxdur bu balaca məkanda fəaliyyət göstərən lombardda nə az, nə çox 300-ə yaxın adamın qır-qızılı, pulu batıb. Şikayətçilərin dediyinə görə, lombard sahibi Məmməd Həsənov bura toplaşan adamlara ümumilikdə 100 min manata yaxın pul borcludur. Çətin maddi dolanışıq səbəbindən qiymətli əşyalarını lombarda qoyub 300-500 pul götürən insanlar əvəzini artıqlaması ilə ödəsələr də, onların qızılını qaytaran yoxdur. Baxmayaraq ki, lombard qiymətli əşyaları girov götürməklə, faizə pul verir.

Lombard tərəfindən aldadılan insanlar deyir ki, lombardın 20-ə yaxın əməkdaşı var ki, indi onlardan birini də tapmaq olmur. Lombardın qeybə çəkilən sahibi Məmməd Həsənov 3 gündür camaatı get-gələ salıb. Aldatdığı insanların qarşısına çıxmağa cəsarət tapmayan Məmməd özünə cəsarətli vəkil taparaq qızıllarını girov qoyanlarla danışığa göndərib. Özünü Məmməd Həsənovun vəkili kimi təqdim edən bu şəxs isə deyir ki, insanlara yardım etmək üçün burdadır.

Çox keçmədi ki, lombard sahibinin qardaşı da peyda oldu. Hoqqabaz qardaşının köməyinə gələn bu qardaş da onun harada olduğunu demədi.

Bir sözlə lombard sahibi Məmməd Həsənov yağlı əppək olub yoxa çıxıb. Aldadılan şəxslər isə bu gün lombardın yerləşdiyi ərazi üzrə Nizami rayonu Polis İdarəsinin 24-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət ediblər.