Əməliyyatçılar "Ded Hasan"ın qatilinin əl izlərini tapıblar

17 Yanvar 2013 12:22 (UTC+04:00)

Kriminal aləmdə çox tanınmış avtoritet Aslan Usoyanın ("Ded Hasan") Moskvanın Povarski küçəsində baş vermiş qətli ilə bağlı məlumatlar tez-tez yenilənir.

Cinayət axtarışının əməliyyatçıları mümkün hər versiyanı nəzərdən keçirirlər.

Kriminalistlər "Ded Hasan"a atəş açıldığı ehtimal olunan yeri müəyyənləşdirə biliblər. Həmçinin, mütəxəssislər cinayətin törədildiyi yerdə qatilin əl izlərini tapıblar. Ehtimal olunur ki, A.Usoyanın nahar etdiyi restoranla üzbəüz olan yaşayış binasının beşinci və altıncı mərtəbələri arasındakı sahədənatəşaçılıb. Təhqiqatçıların ilkin olaraq müəyyənləşdirdiyi kimi, "Ded Hasan"ı xüsusi xidmət silahı ilə öldürüblər. Bununla bağlı bir neçə ekspertiza keçiriləcək.

Paytaxtın tibbi mənbələrindən "РИА Новости"-yə verilən məlumata görə, kriminal avtoritet "Ded Hasan"a qarşı həyata keçirilmiş sui-qəsd nəticəsində xəsarət almış qadının əməliyyatdan sonra ağ ciyərlərinə süni nəfəs aparatı qoşulub, onun vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.

"Qadın huşsuz vəziyyətdədir, süni nəfəs aparatına qoşulub. Onun vəziyyəti son dərəcə ağırdır, aldığı yaralardan 4.5 litr qan itirib" - agentliyin həmsöhbəti belə deyib.

Sklifosovski İnstitutunun direktoru Anzor Xubutiya bildirib ki, dünən institutun həkimləri onu əməliyyat ediblər:"istənilən hər bir şeyi edə bildik" -A.Xubutiya bildirib.

Moskvanın səhiyyə departamentinin mətbuat xidmətinin məlumatına görə, qadın baş vermiş hadisədə sinə və bud nahiyəsindən güllə yarası alıb.