Dünyanın ilk kitabsız kitabxanası açılır
17 Yanvar 2013 17:18 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın Texas
əyalətinin San Antonio şəhərində yaşayan Nelson Volff içində
kompüterlərin olacağı, e-kitablarla dolu dünyanın ilk kitabsız
kitabxanasını açmağa hazırlaşır. "Apple"-ın qurucusu Stiv Cobsun
bioqrafiyasını oxuduğunu və çox təsirləndiyini söyləyən Volff bu
layihənin kitabxana ənənəsini yox etməyəcəyini, kitabxana
anlayışını daha da zənginləşdirəcəyinə inanır. "Daily Mail"
qəzetində yer alan xəbərə görə, Volff yeni layihəsi üçün 5000
kvadrat metr sahədə qurulan bir dövlət binasını xəyalındakı
kitabxanaya çevirəcək. 150 kitab oxuyucu, 50 kompüter, 25 planşet
və 25 notbukun olacağı kitabxanada uşaqlar üçün də xüsusi bir yer
düşünülüb. Ziyarətçilərin yanlarında gətirdikləri kompüterlərə
istədikləri e-kitabları yükləyə biləcəklərini söyləyən Volff
sözlərinə belə davam edib: "Kitabxanaya gələnlər e-kitabları
evlərinə apara biləcək. Lakin 2 həftə sonra geri gətirməsələr
sistem bağlanacaq və kitab oxucuları işləməyəcək." Kitabsız
kitabxananın 2013-cü ilin sonlarına yaxın açılması gözlənilir.