LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
17 Yanvar 2013 16:28 (UTC+04:00)
Azərbaycan regionlarında da dinamik yüksəliş mərhələsində olan
sahibkarlıq sektoru hazırda ölkədə ümumi daxili məhsul istehsalında
xüsusi rol oynamaqdadır. Təqdirəlayiq haldır ki, hazırda ölkə
regionlarında sahibkarların sayı sürətlə artmaqda, əsas etibarı ilə
də kiçik və orta sahibkarlıq dinamik şəkildə inkişaf
etməkdədir.
Bunu şərtləndirən əsas səbəb isə həm hüquqi müstəvidə atılan
müvafiq addımlar, həm də dövlət tərəfindən digər stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsidir. Məsələn məlumdur ki, "Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət
Proqramı (2002-2005-ci illər)" bütün ölkədə, o cümlədən regionlarda
kiçik və orta sahibkarlığın tərəqqisində önəmli rol oynadı.
Xatırladaq ki, həmin proqramın qəbuluna qədər artıq dövlət
əmlakının özəlləşdirilməsi və KOS-ların inkişafı sahəsində həyata
keçirilən dövlət köməyi tədbirləri nəticəsində özəl sektor ölkə
iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələnmişdi. Artıq
2001-ci ilin yekunlarına görə ümumi daxil məhsulda qeyri-dövlət
sektorunun payı 71 faiz təşkil edirdi.
Lakin ölkədə formalaşmış siyasi və makroiqtisadi sabitliyin
yaratdığı imkanlardan KOS-ların inkişafının bir qədər də
sürətləndirilməsi zəruri şərt kimi çıxış edirdi. Digər tərəfdən
özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəlsə də, bu
bölmədə strateji cəhətdən mühüm olan, struktur formalaşdırıcı
potensiala malik müəssisələr zəif inkişaf etmişdi. Eləcə də
sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin mövcud
potensialına uyğun gəlmirdi. Belə ki, həmin vaxt KOS
müəssisələrinin 70 faizi Bakı şəhəri və onun ətrafında cəmləşmişdi.
2002-2005-ci illər ərzində ölkədə kiçik və orta sahibkarlığın
inkişafının dair Dövlət Proqramının məqsədi də ölkədə sahibkarlıq
fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, KOS-un
insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin
dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi
və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin
yaradılması əsasında KOS-un inkişafını təmin etmək idi.
Proqramın məqsədlərinin həyata keçirilməsi üçün aşağıdakı
vəzifələrin həlli nəzərdə tutulurdu: sahibkarlıq fəaliyyətinin
dövlət qeydiyyatının, lisenziyalaşdırılmasının və KOS məhsullarının
sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi; müasir
informasiya texnologiyasının geniş tətbiqi əsasında KOS-ların bilgi
(informasiya) təminatının yaxşılaşdırılması; gənclərin sahibkarlıq
fəaliyyətinə hazırlanması sisteminin formalaşması; KOS-ların
beynəlxalq işgüzar əlaqələrinin yaradılmasına və
genişləndirilməsinə kömək göstərilməsi; KOS-ların rəqabət
qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və
maliyyə köməyi mexanizmlərinin hazırlanması; KOS-ların istehsal
yönümlü fəaliyyətinə maliyyə-kredit və investisiya köməyi
mexanizmlərinin genişləndirilməsi; sahibkarlığın regional
inkişafının təmin edilməsi; daxili istehsalzılar arasında
kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması; KOS
sferasında texnoloji inkişafın dəstəklənməsi; sahibkarların
hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi.
Bu proqramın icrası nəticəsində ökə əhalisinin sahibkarlıq
fəaliyyətinə cəlb edilməsi çərçivəsi genişləndirildi, sahibkarlıq
fəaliyyətinin struktur, regional və texnoloji baxımdan
təkmilləşdirildi, ölkə iqtisadiyyatının strukturunun yenidən
qurulmasında, rəqabət potensialının artırılmasında və iqtisadi
qloballaşma şəraitinə uyğunlaşmasında KOS-ların rolu gücləndirildi.
Bundan başqa Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində
KOS-ların fəaliyyəti yüksəldildi, istehsal sferasında yeni iş
yerlərinin yaradılması, əhalinin məşğulluq strukturu
təkmilləşdirildi, ölkə ixracında sahibkarların payı artdı, iqtisadi
fəaliyyətin regional strukturu daha da təkmilləşdirildi.
Ulu öndər Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə
İqtisadi İnkişaf Nazirliyinin yaradılması isə sahibkarlığın
inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin
vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu
və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib
hissəsinə çevirdi. Həmçinin, qanunvericilik sahəsində atılan
növbəti mühüm addım olaraq 1 yanvar 2003-cü il tarixdən qüvvəyə
minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank
hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə
müddəanın ləğv edilməsi, bank hesablarından vergilərin dövlət
büdcəsinə alınması prosedurunun təkmilləşdirilməsi, vergi
orqanlarına gəlmədən hesabatların təqdim edilməsi təsdiq olunan hər
hansı üsulla, o cümlədən rabitə təşkilatlarına təqdim edilməsi
qaydasının müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin tətbiqi
bazasının daha da genişləndirilməsi, son nəticədə kiçik və orta
sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini
özündə birləşdirən daha optimal bir sistem yaradılması oldu. Eyni
zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər
qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki,
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan
lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi.
Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq
240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi
xeyli sadələşdirildi, lisenziyaların müddəti isə 2 ildən 5 ilədək
uzadıldı. Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə
bağlı tarixi nailiyyətlərə imza atılmasına, orta təbəqənin
cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da
əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb
etdi.
Beləliklə, sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət
proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin bu
sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın
inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi
siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu dövlət
proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın
tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi,
sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Dövlət
proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində
həyata keçirilən tədbirlərin sistemliliyini təmin etdi, bu
tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltdi.
Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas
prinsiplər müəyyənləşdirildi, dövlət-sahibkar münasibətlərinin
institusionallaşdırılması baş verdi. Heydər Əliyevin sahibkarlığın
inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin
model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşması
oldu. Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi
ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası
nəinki ölkəmizin inkişafında müstəsna rol oynadı, hətta bir model
olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından
nümunəyə çevrildi.
Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də
sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial
infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında,
insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə
mövcud potensialın reallaşdırılmasında, yerli və xarici
investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir
səhifə açıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın
tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət
alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni
bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın
inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu
sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici
investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin
cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli
məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin
müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının
prioritetlərindəndir.
Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın
dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin
maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi
məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət
orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması
tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca Prezident İlham Əliyevin
11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı
(2004-2008-ci illər)"nın əsas istiqamətlərindən biri də ölkədə daha
əlverişli biznes və investisiya mühitinin formalaşması, iş
adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin
istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi.
Qeyd olunan məsələlər regionların inkişafına dair ikinci dövlət
proqramında da öz əksini tapdı.
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən
illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və
qaydalar xeyli liberallaşdırıldı, sahibkarlığa dövlət maliyyə
yardımı mexanizmi işə salındı, ölkədə ixrac rüsumları ləğv edildi,
idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirildi.
Eyni zamanda, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə,
fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirildi,
sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edildi,
elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıldı, kənd
təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor
yağların və mineral gübrələrinin dəyərinin 50 faizinin dövlət
tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən
texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satışı
zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması,
buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40
manat yardımın verilməsi, I və II reproduksiyalı toxumlara və
tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların
ödənilməsi təmin edildi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq
(lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği aşağı
salındı.
Elşən BAYRAMOV
(ardı var)
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların
sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində
çap olunub.