Yalnız magistrlərin işə götürülməsi müəllim qıtlığı yarada bilər
17 Yanvar 2013 17:40 (UTC+04:00)
"Yalnız magistr təhsili olan pedaqoqların işə götürülməsi orta
məktəblərdə müxtəlif fənn müəllimlərinin qıtlığına yol aça bilər.
Hələki müəllimlərin işə qəbul qaydalarına bu dəyişikliyi etmək
problem yarada bilər".
Bu sözləri Movqe.az-a Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması şöbəsindən deyiblər.
Şöbədən bildirblər ki, hazırda işə qəbul üçün sənəd verənlərin
əksəriyyəti bakalavr səviyyəsini bitirmiş pedaqoqlardır. Yalnız
magistr səviyyəsi olan pedaqoqlar işə götürülsə, bu müxtəlif fənn
müəllimlərinin çatışmazlığına yol aça bilər. Şöbənin əməkdaşı
Zöhrab Kəlbəliyev bu barədə konkret fikrin qəbul qaydalarına
ediləcək dəyişiklikdən sonra söyləməyin daha doğru olduğunu
bildirib. Onun sözlərinə görə, hələki bu təklifdir və bu
təklifin qəbul qaydalarına hər hansı təsiri yoxdur.
Qeyd edək ki, Azərbaycanda orta məktəblərdə yalnız pedaqoji
ixtisaslar üzrə ali təhsilin magistratura səviyyəsini bitirmiş
şəxslərin dərs deməsi təklif edilib. Milli Məclisin Elm və təhsil
komitəsinin üzvü Aqiyə Naxçıvanlı bildirib ki, orta məktəblərdə ali
təhsilin bakalavr səviyyəsini bitirən şəxslərin dərs deməsi düzgün
deyil. Bu məktəblərdə dərs deyən müəllimlərin hamısı magistratura
səviyyəsi üzrə təhsil almış şəxslər olmalıdırlar. "Bakalavr
səviyyəsi tam ali təhsil hesab oluna bilməz. Tam ali təhsilsiz
insan məktəbdə müəllim kimi necə dərs deyə bilər? Bakalavr
səviyyəsini bitirənlər orta məktəblərdə köməkçi psixoloq və nə isə
yardımçı kimi işləyə bilərlər. Məktəbdə dərs deyən müəllimlərin
hamısı isə ixtisaslaşmış olmalıdırlar", - Naxçıvanlı əlavə edib. O
qeyd edib ki, ali məktəblərdə mühazirə dərslərinin keçirilməsi
yalnız elmi dərəcəsi olan müəllimlərə həvalə edilir. Elmi dərəcəsi
olmayan müəllimlər isə seminar dərsləri keçir, praktikaya rəhbərlik
edir. Millət vəkilinin fikrincə, orta məktəblərdə də bunun
mexanizmini tapmaq lazımdır. Naxçıvanlı deyib ki, hazırda
Azərbaycanda orta məktəblərdə işləyən müəllimlər arasında bakalavr
səviyyəsini bitirənlər çoxluq təşkil edir.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin hər il müəllimlərin işə
qəbulu üçün kecirdiyi müsabiqələrdə iştirak edən namizədlərin 99
faizi də ali təhsilin bakalavr səviyyəsini bitirənlər olur.
Pedaqogika ixtisası üzrə magistaturanı bitirmiş gənclər isə elmi
fəaliyyətlərini davam etdirirlər.
Naxçıvanlı deyib ki, Milli Məclisdə təhsillə bağlı məsələlər
müzakirə edildikdə o da bu fikrini açıqlayacaq. Qeyd edək ki,
İsveçrədə ali təhsilin pedaqoji ixtisaslar üzrə bakalavr
səviyyəsini bitirənlər ibtidai, magistr səviyyəsini bitirənlər isə
yuxarı siniflərdə dərs deyirlər.
Naxçıvanlının fikrincə, Azərbaycanda belə təcrübənin tətbiqi də
düzgün deyil. Onun sözlərinə görə, bakalavr səviyyəsini bitirən
insanların orta məktəblərin ibtidai siniflərində dərs deməsi düzgün
deyil.