"Xruşşovka" binalarının sökülməsi yenidən gündəmdə

18 Yanvar 2013 10:20 (UTC+04:00)

Paytaxtda inşa edilən "Stalinka" və "Xruşşovka" tipli evlərin istismar müddəti çoxdan baaş çatsa da belə binalarda yaşayış hələ də davam etməkdədir. Lakin əksər ekspertlər bildirir ki, onların sökülməsi qaçılmaz olacaq. Sadəcə indi əsas diqqət köhnə bir və ikimərtəbəli evlərin sökülməsinə yönəlib.

Bu səbəbdən Bakıda "Stalinka" və "Xruşşovka"ların sökülməsi məsələsi hələlik gündəmdə deyil. Rəsmi dairələrin bildirdiyinə görə, "Xruşşovka"lardan əvvəl şəhərin ətrafındakı "naxalstroy" tikililərin sökülməsi məsələsi gündəmdədir. Bundan başqa ekspertlər deyir ki, faktiki olaraq hələ ki, bina tikmək üçün Bakı şəhəri və şəhərətrafı ərazilərdə boş ərazilər kifayət qədərdir. Bu baxımdan hələlik sahibkarların istismar müddəti başa çatan binalara olan marağı müşahidə olunmur. Dövlət isə təbii olaraq həmin binaları yalnız xüsusi yoxlamalar nəticəsində qəzalı vəziyyətdə olduğunu müəyyən etdikdən sonra bərpa və yaxud bərkitmə işləri aparır. Bu mənada qeyd olunur ki, qarşıdakı dövr ərzində həmin binaların sökülərək yenilərilə əvəzlənməsi məsələsi aktual olacaq. Nəhayət ki, həmin dövrdə sahibkarlar da bu istiqamətə maraq göstərməyə başlayacaqlar.

Hələlik isə diqqət qeyd olunduğu kimi köhnə bir və ikimərtəbəli evlərin sökülməsinə yönəlib.

Onu da bildirək ki, köhnə evlərin sökülməsi və onların yenilərilə əvəzlənməsi üçün hökumət tərəfindən müvafiq proqram da hazırlanıb. Ümumilikdə, 8 milyon kvadratmetrlik ərazini əhatə edən köhnə evlərin sökülməsi planlaşdırılır. Bu, təxminən 8-ci kilometr qəsəbəsinin sahəsinə bərabərdir. Ekspertlər köhnə evlərin söküntüsünün təxminən 350 min insanı əhatə edəcəyini proqnozlaşdırır.

Bununla bağlı proqram 2020-ci ilə qədər həyata keçiriləcək. Onu da bildirək ki, köhnə evlərin sökülməsi təkcə Bakının mərkəzilə məhdudlaşmır. Bu, paytaxtdan kənara doğru uzanan ərazilərdə də özünü göstərir. Belə ki, aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinir. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdədir. İndi infrastruktur tikintisinin coğrafiyası artıq daha çox mərkəzdən kənar ərazilərə doğru genişlənməkdədir.

Qeyd edək ki, Bakıda köhnə evlərin əksəriyyəti XIX əsrdə və XX əsrin əvvəllərində inşa edilib və onlar daha çox 1və 2 mərtəbəlidir. Belə evlərin kommunal şəraiti elə də yüksək qiymətləndirilmir. Ekspertlər ilk növbədə belə evlərlə bağlı problemlərin həllindən sonra digər köhnə evlər məsələsinin həll edilməsini vacib sayır. Qeyd olunur ki, bundan sonra "Xruşşovka" tipli yaşayış binalarının, bunun ardınca sovetlər dönəmində inşa olunmuş 9 mərtəbəli binaların sökülüb-sökülməməsi barədə qərar qəbul etmək olar.

Hələlik isə ekspertlər hesab edir ki, "Xruşşovka"tipli yaşayış binalarında yaşayış davam edə bilər. Yeri gəlmişkən qeyd edək ki, 3-4 il əvvəl "Bakıdakı "Stalinka" və "Xruşşovka" tipli binaların söküləcəyi haqda məlumatlar dolaşırdı. Həmin vaxt hökumət bu yöndə müzakirələr də aparırdı. Müzakirələr gedirdi ki, həmin binalar sökülsün, yoxsa başqa ölkələrdə, məsələn, Qazaxıstanda olduğu kimi bərkidilsin. Sonradan isə belə fikirlər səsləndi ki, ölkə paytaxtında "Xruşşovka", "Stalinka" və bu kimi digər layihəli yaşayış binaları mərhələlərlə söküləcək. Qeyd edilirdi ki, sözügedən binalar istismar müddətini başa vurub, lakin istifadəyə yararlıdır. Buna rəğmən bildirilirdi ki, gələcəkdə həmin binalar mərhələlərlə sökülüb yeni binalar tikiləcək ki, bütün mənzil sakinlərinə kompensasiya və ya həmin binada yeni mənzil təqdim olunacaq. Lakin indiyi kimi sözügedən məsələ ilə bağlı qəti qərar verilməyib.

Digər məlumatlara görə isə, bu tipli binalar 2000-ci ildəki zəlzələ nəticəsində zədələr alıb. Həmin hadisədən sonra "Xruşşovka"larda bir neçə dəfə təmir işləri aparılsa da, binalarda yenidən çatlar əmələ gəlib. O da bildirilir ki, "Xruşşovka"lar həmçinin Bakının yeni Baş Planına uyğun gəlmədiyindən, bu binaların sökülməsi planlaşdırılıb. Lakin rəsmi səviyyədə, hələ ki, məsələ ilə bağlı hər hansı qərar yoxdur. Hələlik isə paytaxtda 1 və 2 mərtəbədən ibarət köhnə evlərin söküntüsü gedir. Bundan sonra növbənin "Xruşşovka" adlanan evlərə çatacağı şübhə doğurmur.