Millət vəkili adı ətrafında yaranan qalmaqala aydınlıq gətirdi

18 Yanvar 2013 11:03 (UTC+04:00)

Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTR) səfərdə olan millət vəkili Aydın Mirzəzadə ilə bağlı bu ölkənin parlamentində qalmaqal yaşanıb.

Bu barədə ŞKTR parlamentinin başqanı Hasan BozerAzərbaycan mətbuatına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, qalmaqala səbəb azərbaycanlı millət vəkilinin SKTR parlamentin xüsusi qonaqlar üçün nəzərdə tutulan şərəf salonunda türk, daha doğrusu, qardaş Türkiyənin bayrağı altında oturmaqdan imtinası olub.

"... Bizdə ən hörmətli, ali qonaqları şərəf salonunda qəbul edirlər. Mən də onun salona alınmasını tapşırdım. Salona girincə onun başqa bir yerdə əyləşdiyini gördüm. Dəvət etdim ki, yaxın əyləşsin. Ancaq o bildirdi ki, mənim yanımda əyləşmək istəmir. Səbəb kimi başının üzərindəki türk bayrağını göstərdi. Mən dərhal onunla görüşməyi rədd etdim və dostlardan onu salondan çıxarmağı rica etdim.

Azərbaycandan olan birisinin türk bayrağı yanında durmadığını kimlərsə söyləsəydi, buna inanmazdım. Baş verənlərdən çox üzgünəm. Mən dünyanın dörd bir yanından gələn bütün müsafirlərimizi də burada qəbul edirəm. Baş verən bu olay bizi o qədər incitdi ki, Türkiyə XİN-ə yazılı məlumat da verdik..." - deyə, o, Azərbaycan mediasına açıqlamasında daha sonra bildirib.

Gün.Az-a açıqlamasında belə bir olayın baş verdiyini təsdiqləyənA.Mirzəzadə isə deyib ki, həqiqətən də sözügedən şəxsdən görüş istəyib.

Millət vəkilinin dediyinə görə, salonda iki kreslo qoyublarmış və birinin yuxarı tərəfində Kiprin bayrağı, digərində isə Türkiyənin bayrağı asılıbmış:

"Mən Azərbaycan vətəndaşıyam və millət vəkiliyəm, öz dövlətimin bayrağı altında əyləşə bilərəm. Türkiyə bizə qardaş, dost ölkədir. Amma yenə də prosedurlara əməl olunmalıdır. Mənim sözlərimə əsəbi reaksiya oldu və mənimlə görüşdən imtina etdi. Mən də parlamenti tərk etdim".

O, sonda öz hərəkətində bir daha haqlı olduğunu deyib.