Səhiyyə nazirliyi özəl klinikalardan artan şikayətlərə münasibət bildirdi
18 Yanvar 2013 15:16 (UTC+04:00)
Səhiyyə nazirliyi son günlər özəl klinikalardan edilən şikayətlərin
artmasına münasibət bildirib. Bu barədə Movqe.az-a danışan
nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib
ki, əgər sözügedən klinikalardan Səhiyyə Nazirliyinə şikayət daxil
olarsa, mütləq həmin özəl tibb müəssisələrində yoxlama
aparılacaq:"Ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin özəl
olması o demək deyil ki, onlar nəzarətdən kənarda qalırlar. Həmin
tibb müəssisələrində sanitar-gigiyenik, maddi-texniki baza, tibbi
personalla bağlı vəziyyət nazirlik tərəfindən yoxlanılır. Əgər
hansısa özəl xəstəxanada xəstəyə səhv diaqnoz qoyulması, yaxudda,
həkimlərin səhvi nəticəsində xəstənin sağlamlığına ziyan vurulması
faktı təsdiqlənərsə, həmin tibb müəssisəsini ciddi cəza gözləyə
bilər. Odur ki, belə faktlar olarsa, həmin xəstələr özəl
klinikalardan şikayətçi olmalarına baxmayaraq, nazirliyə bu barədə
müraciət edə bilər. Şübhəsiz ki, nazirliyə edilən bütün şikayət və
müraciətlər kimi, həmin məsələlər də araşdırılacaq".
Qeyd edək ki, iki gündür ki, mətbuatda paytaxtda yerləşən iki özəl
klinikadan şikayətlənən xəstələrlə bağlı məlumatlar əksini tapır.
Hansı ki, həmin özəl klinikaların adı telekanalların reklam
carxlarında bəh-bəhlə təriflənir. Bunlardan biri "Oksigen"
klinikası, digəri isə ölkənin maddi durumuna görə sayılıb-seçilən
şəxslərinin üz tutduğu Mərkəzi Klinik Xəstəxanadır. Amma unutmaq
olmaz ki, özəl xəstəxanalarla bağlı şikayətlər bu iki klinika ilə
məhdudlaşmır. İki il bundan öncə paytaxtda yerləşən "Diaqnoz"
Tibb Mərkəzində burun çəpəri əyriliyindən əməliyyat olunan 31 yaşlı
Ruslan Həmidovun vəfat etməsi də özəl klinikalarda üz qaraldan
tibbi xidmətin göstəricisi idi. Təəssüfedici məqamlardan biri isə,
bizdə hələdə bu cür ölüm faktları ilə bağlı xəstənin
yaxınlarının həmin tibb müəssisələrinə qarşı iddia qaldıra
bilməməsidir.
Bunun kökündə isə Azərbaycanda qəbul olunması daşa dirənən
"Pasiyent Hüquqları Haqqında" qanunun yoxluğu durur.
"Səhiyyə və Sağlam Həyat" İctimai Birliyinin sədri Lətafət Əlizadə
deyir ki, pasiyentlərin hüququnu tənsimləyən qanunvericilik
bazasının olmaması Azərbaycanda sağlamlığına zərər dəyən, yaxud
yaxınını tibb müəssisəsinin səhvi üzündən itirənləri klinikaların
qarşısında hələ borclu qoyur: "Bir ətək pul alıb xəstəni müalicə
edən və əməlliyyat edən özəl klinika hər hansı arzuolunmaz hadisə
zamanı yaxasını asanlıqla kənara çəkə bilir, çünki pasiyentin
hüququnu qoruyan qanun yoxdur".
"Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynov da bu
qanunun olmaması üzündən pasiyentə dəyən zərərin ödənilməsinin
təmin olunmadığını bildirir. Onun sözlərinə görə, bu cür hallarda
çox təəssüf ki, istehlakçı hüququnu qoruyan QHT-lər də ancaq
xəstəyə və onun yaxınına təsəlli verməklə kifayətlənməli
olur.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli
də"Pasiyent Hüquqları Haqqında" qanunun qəbulunun zəruri
olduğunu, hazırda bu istiqamətdə iş aparıldığını bildirdi.
Onun sözlərinə görə, bu qanunun qəbulundan sonra həkimlərin üzərinə
böyük məsuliyyət düşəcək: "Bu qanun layihəsi müzakirə olunub. Amma
təkminləşdirilməsinə ehtiyac olduğu üçün qəbul olunmayıb.
Pasiyentin hüququnu müdafiə edən qanun işlədikdə, pasiyent ona
dəyən zərəri də tələb edə biləcək".
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq inkişaf etmiş ölkələrdə,
xəstə ona dəymiş ziyanı məhkəmə yolu ilə iddia qaldırdığı
klinikadan ala bilir.
Hələ bir neçə il bundan əvvəl Amerikanın "Quest Diaqnostik" şirkəti
vətəndaşların iddiası ilə 302 milyon ABŞ dolları məbləğində
cərimələnmişdi. İddiaya səbəb isə, şirkətin satdığı qalxanabənzər
vəzin ifraz etdiyi parathormonları ölçən labarotor
avadanlığın nəticələri yalnış göstərməsi olmuşdu.
Bizdə isə hələki xəstələrin sağlamlığına zərər yetirən klinikalar
və onların tibbi personalı bu məsuliyyətdən yaxasını asanlıqla
kənara çəkə bilir.