Bakıətrafındakı ticarət obyektlərinin barmaqla sayılacaq POS terminalları
18 Yanvar 2013 16:43 (UTC+04:00)
Ötən ilin oktyabr ayının 4-də Nazirlər Kabinetinin verdiyi qərarla
POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqinin yeni
qaydaları təsdiq edildi. Həmin qaydalara əsasən, Bakı, Sumqayıt və
Gəncədə ticarət və başqa sahələrdə nağdsız ödəniş qurğularının
quraşdırılması prosesi 2012-ci ilin sonunda başa çatmalı idi.
Ötən ilə yekun vursaq da, hələdə nə Bakı, nə də ki, Sumqayıt şəhəri
ərazisində yerləşən ticarət obyektlərində bu iş tam başa
çatdırılmayıb. Bu mənada ən pis vəziyyət isə Bakıətrafı
qəsəbə və kəndlərdə müşahidə olunur. Apardığımız müşahidələrə
əsasən söyləmək olar ki, Bakıətrafı qəsəbə və kəndlərdə fəaliyyət
göstərən ticarət obyektlərində POS terminallar demək olar ki,
yoxdur. Tək-tək hallarda qəsəbələrin mərkəzində yerləşən ticarət
obyektlərində bu terminallara rast gəlsək də, əksər ticarət
obyektlərində alış-veriş nağd ödəmə vasitəsilə aparılır. POS
terminalların yoxluğu Bakıətrafı qəsəbə sakinlərini nağd alış-veriş
etmək məcburiyyətində qoyur. Ən maraqlı məqam isə ticarət
obyektlərinin əksəriyyətinin POS terminal alsa da, həmin aparatı
quraşdırmamasıdır. Binəqədi rayonunun eyni adlı qəsəbəsində
yerləşən ticarət obyektlərinin sahibləri bunu "gözdən-könüldən"
uzaq olmaları, bu yolla da vergi əməkdaşlarının diqqətindən kənarda
qalmaları ilə izah etdilər. Sahibkarlardan biri bizimlə söhbətində
bildirdi ki, ümumiyyətlə Bakıətrafı qəsəbələrdə POS terminal
quraşdıran ticarət obyektləri cox az saydadır. Onun sözlərinə görə,
heç vergi əməkdaşları da bu aparatların quraşdırılması üçün onları
narahat etmirlər. Səbəb isə Bakıətrafı qəsəbələrdə kartla
alış-veriş edənlərin o qədər də çox olmamasıdır: "Biz alıb qoyuruq.
Birdən vergi əməkdaşı gələndə göstəririk ki, almışıq, varımızdır.
Amma istifadə etməyinə yalan deyərəm, istifadə etmirik. Ancaq
bir-iki iri super marketlərdə POS terminallar quraşdırılır ki, o
obyektlərin də alıcılarının çoxunun kartı var. Bizim müştərilərin
çoxu malı nisyə alıb aparır. Pulunu isə bir aydan sonra gətirib
verirsə, POS terminal işlətmək kimin nəyinə lazımdır?
"İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi"nin sədri, iqtisadçı
Azər Mehtiyev isə Bakıətrafındakı ticarət obyektlərində POS
terminalların quraşdırılmamasının bir neçə səbəbinin olduğunu
söylədi: "Bəli, bir səbəb odur ki, Bakıətrafı qəsəbələrdə kart
vasitəsilə alış-veriş edənlərin sayı çox azdır. Əmək haqqını kart
sistemi ilə alanlar da cox vaxt bankomatdan nağd pul çəkib
xərcləməyə üstünlük verir. Bəziləri isə, ucuz mal almaq üçün
alış-verişi POS terminal olan marketdən yox, pərakəndə satışdan
etməli olur. Bu isə təbii olaraq, POS terminallara olan tələbatı
azaldır. Amma başqa səbəb də var. Bu ticarət obyektlərinin öz
dövriyyələrini gizlətmək üçün POS terminallardan istifadənin onlara
sərfəli olmamasıdır. Ticarət obyektləri POS terminalla alış-veriş
apardıqda bu xidməti göstərən banka cüzi də olsa ödəmələr edir. Bu
isə təbii ki, onlara sərf etmir. Bu amillər,eləcə də vergi
əməkdaşlarının Bakıətrafı qəsəbələrdəki ticarət obyektlərində az-az
yoxlama aparması, paytaxt kənarındakı alış-veriş məkanlarında POS
terminalların quraşdırılmasını ləngidir".
Amma ekspert deyir ki, POS terminallar Bakıətrafında da, fəaliyyət
göstərərsə, ticarət obyektlərinin dövriyyələrinə şəffaf nəzarət
etmək imkanı yaranar, eyni zamanda bankomatlar qarşısında yaranan
tıxacı aradan qaldırmaq mümkün olar. Vergilər nazirliyinin mətbuat
xidmətinin əməkdaşı Şahin Məmmədov isə nazirliyin əməkdaşlarının
bütün ticarət obyektlərində POS terminalların quraşdırılması üçün
calışdığını söylədi. Onun sözlərinə görə, vergi müfəttişləri
yoxlamalar zamanı bütün ticarət obyektlərindən bu aparatları
quraşdırmağı tələb edirlər: "POS terminal olmayan ticarət obyektinə
isə sanksiya tətbiq edə bilmirlər. Çünki qanun buna icazə
vermir".
Ş. Məmmədov deyir ki, Bakıətrafı qəsəbə və kəndlərdə kartı olan
vətəndaşların sayı az olduğundan, bu tələbata təsir edir. Amma,
nazirlik əməkdaşı bildirir ki, istənilən halda kartdan istifadə
edən müştərilərin azlığı ticarət obyektinə POS terminal qoymamaq
üçün əsas ola bilməz. O ki, qaldı Bakıətrafı qəsəbə və kəndlərdəki
bütün ticarət obyektlərinin POS terminallaşdırılacağı günə,
alıcıların bu günü görməyinə az vaxt qaldığını söyləyir. N. K-nın
qərarı ilə Abşeron rayonu, eləcə də 17 şəhər və rayon mərkəzində
(Mingəçevir, Yevlax, Quba, Lənkəran, Şamaxı, Sabirabad, Salyan və
s.) POS-terminalların quraşdırılması 2013-ci ildə başa çatmalıdır.
2014-cü ildə proses başqa rayonları da əhatə edəcək, 2015-ci ildə
ölkənin bütün kənd və qəsəbələri POS-terminallarla əhatə
olunacaq.
Qeyd edək ki, terminallar aylıq dövriyyəsi 2000 manat olan
obyektlərdə, ƏDV subyektlərində, avtomobil və mebel satışı üzrə
ixtisaslaşmış müəssisələrdə, idman və sağlamlıq kompleksləri,
səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar,
şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və
avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin
satışını həyata keçirən satış məntəqələrində quraşdırılmalıdır.