Ali məktəblərin kampusları nə vaxt tikiləcək?
18 Yanvar 2013 17:40 (UTC+04:00)
"Ali məktəblərin paytaxtdan kənara köçürülməsi yüksək vəsait tələb
edən bir iş işdir. Vəsait ayrılarsa biz də bu təklifi
dəstəkləyirik. Ali məktəblərin ya Bakı ətrafına, yaxudda regionlara
köçürülməsi təhsilin inkişafına da müsbət təsir göstərə bilər".
Bu sözləri Movqe.az-a Təhsil nazirliyinin Ali və orta ixtisas
təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov deyib. Onun
sözlərinə görə, ali məktəblər üçün kampus tikintisi təhsilin
inkişafına da töhfə verə bilər: "Amma bunun üçün külli miqdarda
vəsait lazımdır. Əgər büdcədən buna vəsait ayrılarsa nazirlik bu
işi təbii ki dəstəkləyəcək. Yəqin ki, yaxın gələcəkdə ali
məktəblərin şəhərciyi, kampusu olacaq".
Baş məsləhətçi kampus tikintisi zamanı ərazilərin xüsusi
seçildiyini və bunun əsaslandırıldığını söylədi: "Ali məktəbləri
istənilən rayona köçürmək də olmaz. Bu zaman məsləhətləşmələr
aparılmalı, həmin ərazinin hansı üstünlüklərinə görə, yaxud hansı
müsbət irəliləyişlərə səbəb olacağı əsaslandırılmalıdır".
"Müasir Təhsil və Tədrisə Yardım" Mərkəzinin proqram rəhbəri Elmina
Kazımzadə də, kampusların tikintisinin təhsilin inkişafı baxımından
səmərə verdiyini söyləyir. Təhsil eksperti deyir ki, kampusların
tikintisinə Türkiyə və digər ölkələrin təcrübəsində rast gəlinir.
Onun sözlərinə görə, ali təhsil ocaqlarının bir yerdə qərarlaşması
elmi təcrübələrin, akademik tədqiqatların aparılmasına şərait
yaradır ki, bu da təhsilin inkişafına gətirib cıxardır: "Kampuslar
mühit baxımından da tələbələrin təhsilə marağını artırır. Ətrafında
bütün günü akademik, professorları görən tələbələr elmə daha çox
maraq göstərirlər. Kampuslar eyni zamanda tələbələrin vaxt
itgisinin də qarşısını alır. Tələbə yataqxanalarının da həmin
məkanda yerləşməsi, onların yollarda itirdikləri vaxtı dərslərini
öyrənməyə sərf etmələrinə imkan verir. Amma təbii ki, belə
şəhərciklərin salınması milyonlarla manat pul tələb edir".
E. Kazımzadə kampusların tikintisi zamanı yer seçiminin də önəm
daşıdığını, bu zaman əsasən infrastrukturu olan, iqtisadi
inkişafında geriləmə müşahidə edilən rayonların seçildiyini
söylədi.
Xatırladaq ki millət vəkilləri dəfələrlə kampusların müxtəlif
rayonlarda tikilməsi barədə təkliflər səsləndiriblər.