Azərbaycan üçün 90 milyonluq problemli təyyarələr?!
19 Yanvar 2013 07:33 (UTC+04:00)
Hələ ötən il "Boeing" korporasiyası yeni modelini tanıtmaq üçün
dünya turuna başlamışdı. "Boeing" korporasiyasının nümayəndələri
yeni "787 Dreamliner" təyyarəsini dünyada tanıtmaq üçün "787 Dream
Tour" çərçivəsində aprelin 2-3-də Bakıya da gəldilər.
Müasir texnologiyalarla təchiz olunan və gövdəsi kompozit
materialından hazırlanan "787 Dreamliner" təyyarəsi dünya səyahəti
çərçivəsində Santyaqo (Çili), Şannon (İrlandiya), Moskva (Rusiya),
İstanbul (Türkiyə) və Madridə (İspaniya) də səfər etdi. Sonradan
isə məlum oldu ki, 2014-cü ildə isə ölkəmizə iki "Boeing-787
Dreamliner" təyyarəsi gətiriləcək. "Boeing-787" tipli təyyarələr
alındıqdan sonra isə ABŞ-a birbaşa uçuşların təşkili nəzərdə
tutulurdu.
Lakin məlumat verildiyi kimi ABŞ Federal Aviasiya İdarəsindən sonra
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi "Boeing 787 Dreamliner"lə
uçuşları qadağan edib. İlk dəfə olaraq "Dreamliner"lə uçuşlardan
Yaponiyanın "All Nippon Airways" və "Japan Airlines" aviaşirkətləri
imtina edib. 2013-cü ilin əvvəlində bu təyyarələrdə çoxlu
problemlər müşahidə olunub.
"Boeing 787"-in istismarı komissiyanın akkumlyatorun alışmasının
potensial riski ilə bağlı problemi yoxlayana və həll edənədək
müvəqqəti dayandırılıb. Qeyd olunduğu kimi Azərbaycan da 2014-cü
ildə iki belə iki təyyarə almaq fikrindədir. "Azərbaycan Hava
Yolları" QSC-də hesab edirlər ki, həmin vaxtadək təyyarələrlə bağlı
problemlər həll olunacaq.
Lakin belə məlumatlar da dolşaır ki, "Azərbaycan Hava Yolları" QSC
"Boeing" korporasiyasının istehsalı olan "787 Dreamliner" markalı
təyyarələrin gələcək taleyi ilə bağlı yekun qərarı gözləyəcək.
Xatırladaq ki, AZAL iki "Boeing 787 Dreamliner" təyyarəsini əldə
etmək üçün sifariş verib. Hər bir təyyarənin qiyməti 90 milyon
dollardır.
36 il uçuşlarda olmuş sabiq şturman Arif Həsənov isə belə hesab
edir ki, Azərbaycan tərəddüd etsə də, nəzərdə tutulduğu kimi
2014-cü ildə bağlanmış müqaviləyə əsasən 2 "Boeing 787 Dreamliner"
təyyarəsini almaqda qərarlıdır: "Azərbaycan təyyarələri alanadək
problemlərin həll olunacağına əminəm. Belə ki, bu işin hələlik bizə
dəxli yoxdur".
Təyyarədə yaranan problemləri şərh edən Arif Həsənov yanacaq
sızması nasazlığının daha təhlükəli olduğunu deyib: "Yanacağın
sızması şəraitində kiçik bir qığılcım belə yanğına səbəb ola
bilər". Ekspertin sözlərinə görə, yanacaqla akkumulyatorun eyni
zamanda sıradan çıxması ortaya ciddi poblem qoymuş olar:
"Mühərriklərin sıradan çıxdığı təqdirdə akkumulyator işə salınaraq
təyyarəni müvəqqəti enerji ilə təmin edib enişi həyata keçirməyə
imkan verir".
Arif Həsənovun qənaətincə, "Boeing 787 Dreamliner" təyyarələrində
bu nasazlıqlar mütləq aradan qaldırılacaq və təyyarə öz
potensialına görə alıcılar və o cümlədən Azərbaycan üçün də
cazibədar qalacaq. Bununla bağlı o BBS-yə bildirib: "Daha tutumlu
və az yanacaq işlədən "Boeing 787 Dreamliner"Amerika kimi üzaq
məsafəli reyslər baxımından əlverişli təyyarədir. "Boeing 787
Dreamliner"lə həmçinin, Malayziya və bu istiqamətdəki ölkələrə
uçuşlar təşkil etmək olar".
Onu da qeyd edək ki, aviasiya istehsalçıları liderlərlərindən olan
"Boeing" şirkəti 207 milyon dollar dəyərində "Boeing 787
Dreamlinerin alıcılara çatdırılmasını bir neçə dəfə təxirə
salıb.
290 sərnişinlik "Boeing 787 Dreamliner"2006-cı ildə yığılmağa
başlayıb və 5 il keçmiş ilk təyyarə istehsal anqarını tərk edib.
"Boeing 787 Dreamliner" eyni sinifdən olan təyyarələrdən 20 faiz az
yanacaq işlədir.
İnisdentlər fonunda heç bir şirkət "Boeing 787 Dreamliner"dən
imtina etməyəcəyini bildirib. Lakin "Boeing 787 Dreamliner"lərin
uçuşlarına Yaponiya ardınca Avropa ilə ABŞ-da qoyulan qadağa
qüvvədə qalır. ABŞ-a daimi aviareyslərin açılması üçün "Boeing"
korporasiyasının istehsalı olan "787 Dreamliner" markalı iki
təyyarənin alınmasında israrlıdır. Bundan əvvəl isə ölkənin mülki
aviasiya tarixində ilk dəfə olaraq QSC "Boeing-767" markalı
təyyarələrin vasitəsilə Bakı-Vaşinqton kommersiya aviareysini
reallaşdırıb. Təyyarə paytaxtdan yerli vaxtla saat 11:30-da uçub və
10 saatdan sonra Dallas aeroportuna (Vaşinqton) çatıb. Aviareys
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə
reallaşdırılıb.