Ermənilər Qarabağda təhlükəli demoqrafiya oyununa başlayıblar
19 Yanvar 2013 07:41 (UTC+04:00)
Xəbər verildiyi kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal
olunan Zəngilan rayonuna Suriyadan gəlmiş 200-ə yaxın erməni
yerləşdirilib. Bu, azmış kimi, köçkünlərə ev tikintisi və kənd
təsərrüfatı işləri üçün kredit də verilməsi barədə məlumatlar var.
Onların çoxu ermənicə bilmədiyindən məktəblilər üçün yerli məktəbdə
dərnək də yaradılıb.
Bundan öncə də analoji hal baş vermişdi. Həm Suriyadan, həm də
digər bölgələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə
ermənilərin məskunlaşdırılması prosesi həyata keçirilib. Təbii ki,
Azərbaycan tərəfi də buna öz etirazını bildirib. Siyasi şərhçilər
artıq məsələnin tək ATƏT yox, BMT səviyyəsində müzakirə olunmasını
təklif edirlər.
Politoloq Natiq Miri bildirir ki, Suriya ermənilərinin Azərbaycan
torpaqlarına yerləşdirilməsi, nəticəsindən asılı olmayaraq
xoşagələn bir hadisə deyil: "Amma bunun heç bir perspektivi yoxdur.
Çünki, Suriyada ermənilərinin Qarabağdakı məhrumiyyətlərə uzun
müddət davam gətirəcəkləri ağlabatan deyil. Görünür, bu addımlar
konkret məcburiyyət qarşısında atılır. Ancaq Ermənistan
hakimiyyətinin bütün istəklərinə rəğmən onun baş tutacağına
inanmıram. Ola bilsin ki, sadəcə olaraq seçki qabağı bunun özü də
Serj Sarkisyan hakimiyyətinin bir növ ictimai psixologiyanı
manipulasiya etmək cəhdidir. Amma bütün hallarda bu, bizim əlimizə
bəzi hüquqi əsaslar verir. Çünki, hər hansı bir işğalçı ölkənin
işğal etdiyi torpaqlara tamamilə fərqli bir ölkənin vətəndaşlarını
yerləşdirməsi beynəlxalq hüquqa ziddir. Bu, qəbulolunası humanitar
aksiya deyil. O baxımdan Azərbaycan bu məsələni ATƏT və BMT
səviyyəsində qaldırmalıdır. Bunun üçün də imkanlar var. Çünki,
bunun əksini iddia edə biləcək o qədər də ölkə mövcud deyil. Belə
bir hadisə hər bir ölkənin başına gələ bilər. Ona görə də
Azərbaycan məsələni BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində
təcili olaraq qaldırmalıdır. Bu yöndə də Azərbaycanın konkret
praktikası və gücü var. Əlavə olaraq Azərbaycanın əlinə çox tutarlı
və hüquqi bəhanələr verilir. Nədən Azərbaycan bu vəziyyətdən
istifadə etməsin? Odur ki, məsələni təcili olaraq beynəlxalq
səviyyədə qaldırmalı və konkret qərara nail olmalıdır ki, bu cür
məsələlər təkrar olunmasın".
Digər siyasi şərhçi Qabil Hüseynli bildirir ki, işğal edilmiş
ərazilərin məskunlaşdırılması artıq birinci hal deyil: "Bu proses
bəzən zəif, bəzən də orta templə getməkdədir. Hətta iş o yerə çatıb
ki, onlar erməniləri daha da asan yolla Ermənistan gətirmək üçün
Suriya ilə Türkiyə arasında sərhəd qapılarını açmaq planını həyata
keçirməyə çalışırlar. Türkiyə buna icazə verməsə də, onlar Kipr,
Yunanıstan xətti ilə Suriya ermənilərinin bölgəyə daşınmasına
başlayıblar. Artıq 200-dən artıq erməninin Zəngilanda
yerləşdirilməsi bir faktdır. Onlara kreditlər də veriblər. Bundan
əvvəl də Kəlbəcərdə xaricdən gələn ermənilərin yerləşdirilməsi
barədə məlumat var idi. Məskunlaşma siyasəti mərhələ-mərhələ həyata
keçirilir. Bu da çox təhlükəli bir tendensiyadır. Azərbaycan
torpaqlarının məskunlaşması haqqında Azərbaycan bir dəfə ATƏT - ə
şikayət yönləndiribdir. Bunun nəticəsində də 2 il əvvəl ATƏT-in
faktaraşdırıcı missiyası yaradıldı. Onlar da işğal edilmiş
ərazilərə gedərək hesabat hazırladılar. Uzun müddət hesabatı
açıqlamaqdan imtina etdilər. Amma sonda Azərbaycanın təkidi ilə bu
hesabatı açıqladılar. İndi də Suriya ermənilərinin gedəsi heç biri
yeri olmadığından onları hara dəvət etsələr, mütləq ora gedəcəklər.
Sabah Zəngilanda yerləşdirilən ailələrin sayı arta bilər. Hətta
digər bölgələrə də keçə bilər. Bu, Ermənistanın təcavüzkar
siyasətini təsdiq edən və sülh yaratmaq prosesində sadiq olmadığını
göstərən faktlardan biridir. Bu nöqteyi-nəzərdən Azərbaycan öz qəti
mövqeyini ortaya qoymalıdır. Məsələ ilə bağlı təkcə ATƏT-ə yox, həm
də BMT-yə müraciət etməlidir. Azərbaycanın BMT-də təsiri böyükdür.
Yaxın aylarda Təhlükəsizlik Şurasına sədrlik yenidən Azərbaycana
keçəcək. Ermənistanın bütövlükdə bütün barbar hərəkətlərini nəzərə
almaqla məskunlaşma məsələsini qabardaraq, həm ATƏT, həm də BMT
səviyyəsinə çıxarmalıdır. Əgər burdan bir nəticə çıxmasa,
Beynəlxalq Hüquq Məhkəməsinə müraciət edilməsinə nail olmaq
lazımdır. İndidən hüquqşünaslar qrupu ayırıb, bu məsələni
Beynəlxalq Məhkəməyə hazırlamalıyıq ki, torpaqlarımız işğal
edilməklə yanaşı, orada erməni ailələrinin yerləşdirilməsi prosesi
gedir. Siyasi uduş əldə etməklə bərabər, məsələnin hüquqi yolla,
məhkəmələrdə də uduşuna nail olmaq olar".