Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi "Binə" Ticarət
Mərkəzində bu gün keçirilən aksiya ilə bağlı birgə məlumat yayıb.
Movqe.az-a verilən məlumatda bildirilir ki, yanvarın 19-da Qaradağ
rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən
bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin
tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət
mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və
nəqliyyatın hərəkətini iflic ediblər. İctimai qaydanın pozulmasına
yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl
qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı həyat və
sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət
göstəriblər. Nəticədə, 10 əməkdaşa müxtəlif dərəcəli bədən
xəsarətləri yetirilib, bir neçə xidməti avtomobilə isə ziyan
vurulub. Əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələrinin gördüyü
tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan
hərəkətlərin qarşısı alınıb. Faktla bağlı Bakı şəhər
Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci
(hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq
etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq
aparılır.