“MİRAS” öz təcrübəsini dünyaya tanıdır

17 Yanvar 2013 15:43 (UTC+04:00)
2013-cü il yanvarın 18-19-da Makedoniyanın Ohrid şəhərində ilk dəfə Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı keçiriləcək. Konfransda "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti də iştirak edəcək.
1-ci Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransını Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu ESRA- Skopje, Paris, New York Audiovizual İncəsənət İnstitutu, Bolqarıstanın Film, Televiziya və İnternet Kommunikasiyaları Akademiyası və Rusiyanın (Moskva) Televiziya və Radio Avro-Asiya Akademiyası ilə birgə təşkil edir. Konfransda 12 ölkədən 51 məruzə ilə 60 iştirakçı çıxış edəcək.
Tədbirdə "MİRAS" İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev və "MİRAS" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Azərbaycanda tarixi-mədəni irsin araşdırılması, qorunması və təbliğində qeyri-hökumət təşkilatlarinin fəaliyyəti", birlik sədrinin müavini Arzu Soltan ""MİRAS" İctimai Birliyinin mədəni irsin tədqiqi və təbliği təcrübəsi", Sərgi və dizayn şöbəsinin müdiri Vüqar Quliyev "Orta əsr metal məmulatlarının tədqiqi və konservasiyası", İdarə Heyətinin üzvü, bərpaçı-mühəndis Qədrəddin Nemətzadə "Mədəni irsin təbliğində arxeoloji turizmin rolu" mövzusunda məruzə edəcəklər.
"MİRAS" İctimai Birliyi səfər çərçivəsində Makedoniyanın Skopye şəhərində NGO ARCHAEOLOGICA təşkilatı ilə birlikdə mədəni irs seminarı təşkil etməyi planlaşdırır.