Şəhidlərimizin ruhu yad edildi

20 Yanvar 2013 12:05 (UTC+04:00)

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəliyə dayandırılıb. Movqe.az-ın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib. 20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə həmçinin Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.Səhər saatları olmasına, 23 il ötməsinə baxmayaraq xiyabana axın davam edir. Ötən illərdən fərqli olaraq demək olar ki, bu il ziyarətçilərin sayı daha çoxdur. İlk öncə cənab prezident İlham Əliyev, baş nazir, millət vəkilləri və digər ictimai-siyasi xadimlər, dövlət rəsmiləri Şəhidlər Xiyabanını ziyarət etdilər. Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əkil qoydu, şəhidlərin ruhunu andı. Hazırda da Şəhidlər Xiyabanına ziyarət davam edir. Qeyd edək ki, Şəhidlər Xiyabanı istiqamətində bütün yollarda nəqliyyatın hərəkəti dayandırılıb, insanların hərəkəti məhdudlaşdırılıb. FHN-nin qarşısında mühafizə orqanlarının əməkdaşlarından ibarət mühafizə səddi qurulub. İnsanlar tədricən, mərhələ-mərhələ xiyaban istiqamətinə buraxılır. Ziyarət bitdikdən sonra ziyarətçilər İçəri şəhər metrosu istiqamətinə doğru piyada hərəkət edir. Hal-hazırda insanların ziyarətində heç bir problem yoxdur. Mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım maşınları da Şəhidlər Xiyabanı istiqamətində işə cəlb ediliblər.