İran Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınır
21 Yanvar 2013 11:10 (UTC+04:00)
Mərkəzi qərargahı Belçikanın Brüssel şəhərində yerləşən Avropa
Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (CSİS) son hesabatında
İran-Ermənistan münasibətlərinin genişlənməsi tendensiyasına
toxunub.
APA-nın İran saytlarına istinadən məlumatına görə, hesabatda
bildirilir ki, rəsmi Tehranla İrəvan arasında xüsusi münasibətlər
var: "Son illərdə İran-Ermənistan əməkdaşlığı artıb. İki ölkə
arasında müəyyən bir ittifaq yaranıb. Bu da İranın Ermənistan
vasitəsilə Qərbin sanksiyalarından yayınması üçün yol açıb".
Sənəddə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq
Qarabağ və ətraf rayonların işğal altında olduğu, həmin ərazilərin
hazırda nəzarətsiz zonaya çevrildiyi qeyd edilib.
Hesabatda vurğulanır ki, Tehran-İrəvan əməkdaşlığının genişlənməsi
hər iki tərəf üçün faydalıdır: "Belə ki, Ermənistan İran vasitəsilə
Fars (Bəsrə) körfəzinə, İran da Ermənistan vasitəsilə Qara dənizə
çıxır".
Sənəddə qeyd olunur ki, İranla Ermənistan arasında münasibətlər
təkcə təbii qaz və elektrik enerjisi ilə məhdudlaşmır. İki ölkə
arasında ağır sənaye, əczaçılıq, dağ-mədən və neft-qaz sənayesi
sahəsində də ciddi əməkdaşlıq var: "Hətta İran Ermənistana mal
ixrac edən ölkələr sırasında dördüncü yerdədir. İki ölkə arasında
əməkdaşlıq göstərir ki, yaxın gələcəkdə Ermənistan xarici diasporun
maliyyə yardımı, Rusiya və beynəlxalq maliyyə institutlarının
verdiyi kreditlərdən asılılığını sıfra da endirə bilər".
İranda ermənilərin azlıqda olduğunu xatırladan hesabat müəllifləri
yaxın gələcəkdə İran və Ermənistan arasında strateji, siyasi və
iqtisadi əməkdaşlığın daha da artacağını proqnozlaşdırırlar.