Bakıda yaşayış binasında güclü partlayış olub

21 Yanvar 2013 12:26 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.  "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında partlayış olub.

FHN-in müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzilin qapı-pəncərə çərçivələri və eyvanı dağılıb, 1-ci mərtəbədən 3-cü mərtəbəyədək eyvanlar qismən dağılıb, qapı-pəncərə şüşələrində və üzbəüz beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində pəncərə şüşələrində qismən qırılmalar olub. Yanğın qeydə alınmayıb. Partlayış zamanı evdə olan 2 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.