RİTN-də kollegiya iclası keçirildi

21 Yanvar 2013 13:15 (UTC+04:00)

 "2012-ci il ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.3% artaraq 1503.4 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16.6 %, o cümlədən telekommunikasiya sektorunda 17.4%, İT sektorunda 8.6%, eyni zamanda, poçt sektorunda 18.2%, informasiya sektorunda isə 50.1% təşkil edib". Movqe.az bildirir ki, bu məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci ilin yekunları haqqında kollegiya iclasında məruzə ilə çıxış edən Aparat rəhbəri Vidadi Zeynalov söyləyib. V. Zeynalov bildirib ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 75.7 %-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,3%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 14.1 % təşkil edib: "2012-ci il ərzində ölkə üzrə ÜDM-nin həcmi 54.0 mlrd. manat, ötən illə müqayisədə real artım tempi isə 2.2 % təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. Ölkə prezidentinin isizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2012-ci il ərzində 101 yeni iş yeri açılıb. Bu ilin yanvar ayının 1-ə olan məlumata görə, RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 330.0 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 9.9 % çoxdur. Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 9.5% artırılaraq 620,7 manata çatdırılıb. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 699.7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edir. 2012-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 335.0 mln. manat proqnoza qarşı 368.2 mln. manat gəlir əldə edilmişdir ki, bu da proqnozla müqayisədə 9.9 %, əvvəlki illə müqayisədə 6.9 % çoxdur. Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi üçün hesabat dövrü ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 110.5 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə informasiya və rabitə sektoruna 325,3 milyon manat investisiya qoyulub və ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 2.0% təşkil edir.  İnvestisiya layihələri çərçivəsində hesabat dövründə 45 ədəd yeni EATS istismara verilib, 21 ədəd ATS rekonstruksiya olunub, 26 ədəd ATS-də genişləndirmə işləri aparılıb, 41 ədəd TV-radio vericisi quraşdırılmış (o cümlədən 23 televiziya və 18 radiovericidir)  və 44 ədəd poçt şöbəsi binası tikilib. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 28 480 nömrə artırılaraq 1 756 280 nömrəyə çatdırılıb. Yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber-optik kabellər çəkilməsi istiqamətində görülmüş işlər nəticəsində "Aztelekom" İB tərəfindən cəmi 2100 km (o cümlədən özəl şirkətlər tərəfindən 530 km), BTRİB tərəfindən 123.3 km, BTRİB-in kabel-kanalizasiya qurğularından istifadə etməklə digər təşkilatlar tərəfindən 266.3 km, fiber-optik kabellər çəkilib. Həmçinin, Bakı-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Gəncə və Bakı-Ələt-Şirvan-Salyan-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Gəncə ərazilərində müasir tipli DWDM (transmissiya) şəbəkəsi qurulub. Əsas telefon aparatlarının ümumi sayı 1 475 535 ədədə çatdırılıb. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı   18,6 ədəd, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı 68,8 ədəd təşkil edir.Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. 2012-ci il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən illə müqayisədə 72.4 mln. dəqiqə azalaraq 651.4 mln. dəqiqə, çıxış trafikinin həcmi 8,3 mln. dəqiqə artaraq 191.0 mln. dəqiqə təşkil edib. Ümumilikdə beynəlxalq rabitənin dayanıqlılığının yaradılması məqsədilə il ərzində beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 269 ədəd artırılaraq 9385 ədədə çatdırılıb".

Aparat rəhbəri Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə peykin istehsalının başa  başa çatdığını, fevral ayının birinci ongünlüyündə orbitə çıxarılmasının planlaşdırıldığını da kollegiya iştirakçılarının diqqətinə çatdırdı: "Peykin orbitə çıxarılması və orbitdə ilkin istismar dövrü üzrə sığorta olunması ilə bağlı  Böyük Britaniyanın "Marsh" sığorta brokeri ilə birbaşa müqavilə imzalanıb. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatıb. 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaqdır. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. 2012-ci il ərzində sürətli poçt xidmətləri üzrə 2 ədəd, telekommunikasiya xidməti üzrə 5 ədəd yeni lisenziya verilib".

RİTN səlahiyyətlisi işğal olunmuş ərazilərində mobil operatorların beynəlxalq əməkdaşlığının qarşısını alan tədbirlər də görüldüyünü vurğuladı. Onun sözlərinə görə, qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom" şirkətinin ötən il 11 xarici mobil operatorla rouminq əməkdaşlığı dayandırılıb: "Ötən il ümumistifadəli telekommunika­siya şəbəkə­sində istifadə üçün operatorlara stasionar telefon rabitəsi xidməti üçün 10208 ədəd prefiks, hüquqi və fiziki şəxslərə müraciət və sorğuların cavablandırılması üçün 31 ədəd  üçrəqəmli nömrə və  4 ədəd  dördrəqəmli nömrə, eyni zamanda 5 ədəd milli nöqtə (point) kodu ayrılıb. Ölkə prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi təbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar E-hökumət portalı və e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında infromasiya mübadiləsini təmini üçün e-hökumət şlyuzu istifadəyə verilib. Ölkə prezidentinin digər, 11 avqust 2010-cu il tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" ilə rabitə və informasiya texnologiyaları sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası hesabat dövründə uğurla həyata keçirilib. Verilən sərəncam və rəylərə əsasən "Elektron xidmət növlərinin Siyahısı" yenidən hazırlanıb və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayı 251-dən 417-yə çatdırılıb. E-hökumət portalı və e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadilsini təmin etmək üçün  e-hökumət şlüzü istifadəyə verilib. Hazırda "Elektron hökumət" portalına 40 hökumət və dövlət qurumu qoşulmuş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 elektron xidmətdən 187-i vahid portal (bir pəncərə prinsipi) vasitəsi ilə məhdudlaşdırılmış rejimdə əhaliyə verilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılmış "Elektron xidmətlər reyestri"nə  dövlət  qurumları tərəfindən göstərilən 216 elektron xidmət barədə məlumatlar daxil edilib.  Elektron-imzanın sadələşdirilmiş rejimdə verilməsi altsistemi işlənib hazırlanıb. Hazırda yeni yaradılmış "E-ərizə" e-xidməti vasitəsi ilə istifadəçilər internet vasitəsi ilə e-ərzinə doldurmaqla və online ödəniş etməklə e-imza kartlarına sahib ola bilirlər. Ötən ilin sonuna qədər Milli Sertifikat Xidmәtlәri Mәrkәzinә edilәn müraciәtlәrə müvafiq olaraq Dövlәt Hakimiyyәti orqanlarına 2800-dən artıq , həmçinin hüquqi və fiziki şəxslərə 2500 ədədən çox, ümumilikdə 5300 ədəddən çox elektron imza verilib. "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları"nın icrasını təmin etmək məqsədi ilə reyestr yaradılıb. İnternet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində il ərzində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 35% aşağı salınıb. Dəyişiklik nəticəsində genişzolaqlı xidmətin tarifləri 2 mbit/s üzrə 20 mantdan 15 manata, 1 mbit/s üzrə 15 manatdan 10 manata endirilmişdir ki, mövcud qiymətlər region ölkələri arasında ən aşağı qiymət hesab oluna bilər".

V. Zeynalov "Xalq kompüteri" layihəsindən də söz açdı. O, bildirdi ki, layihə çərçivəsində ali və ümumitəhsil məktəblərinin müəllim, tələbə və şagirdlər 20 285 kompüter əldə edib: "Ötən ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabərdir ki, 2005-ci ildə bu göstəricilər  müvafiq olaraq 2.3 və 8 ədəd olub. Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Son illərdə respublikamızda İKT sahəsindəki inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində də aydın şəkildə görünür. Bu Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları 2012  "The Global Information Technology Report 2012" hesabatında və "The Global Competitiveness Report 2012-2013" hesabatında əks olunub. Prezidentin  "Yüksək Texnologiyalar parkı"nın yaradılması qərarına görə, hazırda Parkın yaradılması üzrə müvafiq işlər görülməkdədir. Bu ölkəmizdə "Yüksək Texnologiyalar parkı"nın yaradılması İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmtutumlu İT məhsullarının istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilmişdir ki, bunlardan 16 ədədi rəqəmli DVB-T verici olur. Ölkəmizdə rəqəmsal yayıma keçidin tam təmin edilməsi üçün bu il respublika ərazisində analoq televiziya yayımının dayandırılacağı və rəqəmli yayımın qalan ərazilərdə tətbiqi nəzərdə tutulur. Ötən il poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib. İl ərzində 44 ədəd poçt şöbəsi binası tikilib ki, bundan 11 ədədi Naxçıvan MR RİTN üzrə inşa edilib. Ötən il həmçinin "Azərmarka" şirkəti tərəfindən 22 mövzuda 54 ədəd poçt markası, 2 növ markalanmış poçt zərfi, 12 növ markalanmamış poçt zərfi, 14 növ poçt kartı dövriyyəyə buraxılıb".

Aparat rəhbəri yola saldığımız il ərzində vətəndaşlardan nazirliyə ünvanlanmış müraciətlər barədə də məlumat verdi. Onun sözlərinə görə, birbaşa RİTN-nə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 592 ədəd azalaraq 1716 ədəd təşkil edib. Ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı əvvəlki dövrlə  müqayisədə 306 ədəd azalaraq 463 ədəd təşkil edib. Kollegiya iclasında məruzə edilən hesabatlar dinlənildikdən sonra rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov öz rəy və tapşırıqlarını verdi.