Azərbaycan hava məkanını pozan təyyarələri S-300 raketi ilə vura bilər
21 Yanvar 2013 16:44 (UTC+04:00)
Bir neçə gün öncə Ermənistan fevral ayında Azərbaycanın işğal
etdiyi ərazisində yerləşən Xocalı aeroportunu işə salacağı barədə
bəyanat yaydı. Bu günlərdə isə Azərbaycanın Nazirlər Kabineti
ölkənin hava məkanını pozan bütün təyyarələrin vurulması haqqında
yeni qaydaları təsdiqlədi. Qəbul olunmuş yeni qaydalarla Azərbaycan
tərəfi bir daha bəyan etdi ki, ölkəmizin hava məkanını pozan
təyyarələr qeyri-şərtsiz olaraq vurulacaq. Az keçməmiş işğalçı
ölkədən Ermənistanın Xocalı aeroportundan istifadə edəcək
təyyarələrini qoruyacağı, həmin təyyarələrin vurulmasına imkan
verilməyəcəyi barədə cavab mesajı gəldi. Bu bəyanatı Ermənistanın
müdafiə naziri Seyran Ohanyan səsləndirdi. Bəs görəsən Ermənistan
tərəfinin Xocalı aeroportundan istifadə edəcək təyyarələrinin
qorunacağı ilə bağlı bəyanatı reallıqda mümkündürmü?
Bu barədə Movqe.az-a danışan hərbi ekspert Yaşar Cəfərli
bunun mümkünsüz olduğunu söyləyib. Onun sözlərinə görə, işğalçı
Ermənistanın Xocalı aeroportunu fevral ayında işə salmaq niyyəti
baş tutmayacaq: " Bu aeroportda uçuşların aparılması Azərbaycanın
razılığı olmadan heç bir halda mümkün deyil".
Hərbi ekspertin sözlərinə görə, həm hüquqi baxımdan, həmdəki
müdafiə baxımından üstünlük Azərbaycan tərəfindədir: "Beynəlxalq
sənədlərdə, hüquqi aktlarda hər hansı ölkənin hava məkanının
pozulması yolverilməzdir. Dağlıq Qarabağ ərazisi beynəlxalq
səviyyədə, beynəlxalq uçuşların aparılması üçün bağlı ərazi
sayılır. Odur ki, belə bir vəziyyətdə Dağlıq Qarabağ ərazisində hər
hansı beynəlxalq uçuş aparılarsa, bu Azərbaycanın hava
məkanının pozulması kimi qiymətləndiriləcək. Beynəlxalq hüquqi
aktlar və Nazirlər Kabinetinin bir neçə gün öncə təsdiqlədiyi
qaydalar imkan verir ki, Azərbaycan tərəfi həmin təyyarələri
vursun".
Y. Cəfərli deyir ki, belə vəziyyət yaranarsa, təbii ki, Azərbaycan
tərəfi heç bir pilotunu ölümlə üz-üzə qoyub hava hücumunun
müdafiəsinə qalxmayacaq: "Hərbi Hava Qüvvələrinin hava məkanını
pozan təyyarələri yerə salması ilə bağlı prosedurları var. Amma
sözsüz ki, Dağlıq Qarabağla bağlı xüsusilik var. Belə halda
Azərbaycan tərəfi öncə hava məkanını pozan təyyarəyə bu barədə
xəbərdarlıq siqnalları göndərəcək. Əgər təyyarə hava məkanını
pozmaqla bağlı Azərbaycan tərəfinin xəbərdarlığına məhəl qoymazsa,
heç şübhəsiz ki, həmin təyarə vurulacaq. Ermənistan tərəfi həmin
təyyarələrin qorunacağı ilə bağlı absurd fikirlər səsləndirib.
Ermənistan həmin təyyarələri heç bir halda qoruya bilməyəcək.
Çünki, Azərbaycan həmin təyyarələri hava məkanını pozarsa, S-300
raketləri vasitəsilə vuracaq. Bu raketlərin hədəfə çatma sürəti
55-60 km məsafədə iki dəqiqə təşkil edir. Hansı ki, bu raketlərə
yalnız Azərbaycan tərəfi malikdir. Ermənistan tərəfinin isə
iki dəqiqə ərzində həmin təyyarələri hava hücumundan müdafiə etməsi
üçün xüsusi silahı yoxdur. Bu raketləri vuracaq qabiliyyətə malik
silah növü də ixtira olunmayıb".
Y. Cəfərli deyir ki, bu raketlər Azərbaycanla Ermənistanın təmas
xətində yerləşdiriləcək. Yəni Azərbaycan hədəfə Ermənistandan daha
yaxın olacaq ki, bu da hava məkanını pozan təyyarənin iki dəqiqədən
də tez bir müddətə vurulmasına imkan verəcək: "Bir dəqiqəyə isə
Ermənistan tərəfi də yaxşı bilir ki, S-300 raketinin həmləsini heç
bir silahla dəf edə bilməyəcək. Belə halda isə Ermənistan tərəfi
etiraf etməsə də, bu aeroportdan Azərbaycan tərəfinin icazəsi
olmadan istifadə edə bilməyəcəyini anlaylır. Təhlükəsizlik təmin
olunmadıqa isə heç bir aviaşirkət öz təyyarəsini sərnişinləri ilə
birgə təhlükə altında qoymayacaq".
Odur ki, Y. Cəfərli Ermənistan tərəfinin Xocalı aereportundan
istifadəsinin xülya olaraq qalacağını söyləyir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev
isə Movqe.az-a bildirdi ki, artıq Azərbaycan Müdafiə Nazirliyi
bununla bağlı bəyanatını verib: "Bizim bu məsələdə mövqeyimiz
dəyişməyib. Azərbaycanın hava məkanını pozan, xəbərdarlığa məhəl
qoymayan istənilən təyyarə vurulacaq".
T. Abdullayev bunun üçün hansı vasitələrdən istifadə ediləcəyini
açıqlamadı.