Abort -sosial göstəriş əsas tutulmalıdır, yoxsa qadının sağlamlığı?

21 Yanvar 2013 17:29 (UTC+04:00)
Azərbaycanda abortun həyata keçirilməsinə xüsusi yaradılmış həkimlər konsiliumu qərar verəcək. Mətbuata bu barədə çıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, parlamentin yaz sessiyasında bu məsələnin qanunvericiliyə daxil ediləcəyi gözlənilir. Onun sözlərinə görə, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanuna təklif olunan maddədə qeyd olunub ki, uşağın 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər: "Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur. Söhbət 12 həftədən 22 həftəyədək sosial göstərişlərə görə abortun edilməsindən gedir. Misal üçün kasıb ailədir və fikirləşir ki, uşağı saxlaya bilməz və yaxud hamiləlik dövründə uşağın atası vəfat edir, ana uşağı tək böyütməyi çətin hesab edir, digər halda qadın cinsi təcavüzə məruz qalıb və hamilə qaldığını gec bilir. Hazırkı dövrdə aborta qərar verən həkim uşağın valideynləri ilə razılığa gələrək əməliyyatın sosial göstərişlərə görə olduğu barədə rəy verə bilər. Lakin konsilium olduqda artıq bir neçə həkimin rəyi nəzərə alınmalıdır", - Quliyev deyib. Komitə sədrinin müavini qeyd edib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun qəbul olunandan sonra qanunun icrası məqsədi ilə həkim konsiliumun yaradılması ilə bağlı müvafiq qərar imzalanacaq.
Ginekoloqlar isə, sosial göstərişin heç bir halda tibbi göstərişi önləməsinə icazə verilməyəcəyini söyləyirlər. "Qadın Krizis Mərkəzi"nin ginekoloqu Təranə Həsənova deyir ki, qanuna belə bir əlavə olarsa mütləq orada yenədə tibbi göstərişin üstünlüyü qeyd olunmalıdır: "Sosial göstəriş əsasında abort bu gün də var. Bizə müraciət edən hamilə qadınlar arasında sosial vəziyyəti imkan vermədiyinə görə, abort etdirmək istəyənlər çox olur. Amma hamiləliyini sosial vəziyyətinə görə, pozdurmaq istəyən  hər qadının istəyi yerinə yetirilmir. Bunun üçün qadından özünün, ərinin işləmədiyni, sosial statuslarının aşağı olduğunu təsdiqləyən sənədlər tələb edilir.Əgər qadın yaşadığı ərazinin icra strukturundan, Mənzil İstismar İdarəsindən, Məşğulluq orqanından sənədlər təqdim edirsə biz həmin qadının abortuna tibbi göstəriş olmasa belə qərar veririk. Amma abort qadının sağlamlığını təhlükə altına qoyursa onun sosial vəziyyəti hamiləliyin pozulmasına əsas kimi götürülmür. Çünki belə bir halda məsuliyyət həkimin boynunda qalır. Bundan əlavə, heç bir tibb işçisinin ixtiyarı yoxdur ki, sosial vəziyyəti nəzərə alıb hamiləliyin pozulmasının qadının sağlamlığına zərərli olduğunu bilə-bilə bu addımı atsın. Belə bir qanun olarsa belə, biz ginekoloqlar hamilə qadının öncə sağlamlığını nəzərə alacağıq. Əgər hamilənin sağlamlığı abortla təhlükə altına düşürsə, onun yaşamaq üçün evi olmasa belə hamiləliyin pozulması yolverilməzdir. Odur ki, qanunda bu nəzərə alınmalıdır".