Ticarət mərkəzlərində "yer pulu" davası böyüyür

22 Yanvar 2013 06:54 (UTC+04:00)

Məlumdur ki, bir müddət öncə "Sədərək" Ticarət Mərkəzində kassa aparatlarının yerləşdirilməsinə görə, satıcılar aksiya keçirmişdilər. Bu hadisənin üzərindən az bir zaman keçdikdən sonra isə qonşu "Binə" Ticarət Mərkəzində də aksiya keçirildi. Bu dəfə aksiyaya səbəb isə satıcılardan hər rübdə vergi üçün alınan pulun məbləğinin qaldırılması oldu. Xatırladaq ki, əvvəllər hər rüb üçün 17 manat ödənilirdisə, bundan sonra artıq satıcılar 250 manat ödəyəcəklər.

Verginin qaldırılması isə həmin ticarət mərkəzlərinin böyük dövriyyəyə sahib olması ilə bağlıdır. Bir sıra belə böyük ticarət mərkəzlərində isə "yer pulu" və icarə haqqı 2000-6000 min manat arasında dəyişir. Rəsmi sənədlərdə isə bu rəqəm bir neçə dəfə aşağı göstərilir. Davamlı şəkidə artan yer pulu" və icarə haqqı kimi ödənişlər ticarət mərkəzinin rəhbərliyi ilə satıcılar arasında çox vaxt qarşıdurmaya, narazılığa gətirib çıxarır. Burada yerləşdirilmiş kassa aparatları isə ikili mühasibatlığın aradan qaldırılması məqsədi güdsə də, onların çoxu sadəcə, görüntü xarakteri daşıyır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Vergilər Nazirliyi tərəfindən ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılması qanunauyğundur: "Çünki, qanuna əsasən, bütün satış məntəqələrində kassa aparatlarının quraşdırılması məcburidir. O baxımdan təbii ki, bunun həmin satış obyektlərində satıcıların xərclərinin artmasına səbəb olsa belə, kassa aparatlarının quraşdırılmalıdır. Çünki, dövriyyəyə ən yaxşı kassa aparatı vasitəsi ilə nəzarət edilir. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, həmin ticarət mərkəzində çalışanların qeyri - rəsmi xərcləri yüksək olduğu üçün artıq kassa aparatlarının quraşdırılması onların xərclərinin daha da artmasına səbəb olacaq. Problem kassa aparatlarının quraşdırılması ilə həllini tapmır. Problemin həlli ondan ibarətdir ki, belə ticarət mərkəzlərində şəffaf və yalnız bir mühasibat sisteminin tətbiqinə ehtiyac var. Əvvəla, əgər həmin ticarət mərkəzlərində yerlər satılırsa, satışdan sonra icarə haqqı müəyyənləşdirilməməlidir. Həmin yeri alan şəxs artıq işi özü müəyyənləşdirməlidir. Kassa aparatının quraşdırılması və verginin ödənilməsi proseduralarını özü həyata keçirməlidir. Əgər satılmırsa, icarəyə verilirsə, problem ondan ibarətdir ki, onların bir qismi satılmasına baxmayaraq onlardan kirayə haqqı da yığılır. Amma satılmırsa, onu icarəyə verilirsə, o zaman bu, öz əksini sənədlərdə tapmalıdır".

İqtisadçı bildirir ki, ikili mühasibat sisteminin aradan qaldırılmasına böyük ehtiyac var: "İkili mühasibat sisteminin aradan qaldırılmasının yeganə yolu ödənişlərə nəzarətin həyata keçirilməsidir. Ümumiyyətlə, bu tip problemlərin həlli yolu nağd ödənişlərin qadağan edilməsi və nağdsız ödənişlərin həyata keçirilməsindədir. Burada vergilər nazirliyinin və digər qurumların nəzarətinin güclənməsi vacibdir. Ümumiyyətlə, oxşar problemlər Azərbaycanda digər xidmət obyektlərində də müşahidə edilir. Azərbaycanda bu problemin aradan qaldırılması üçün nağdlı ödənişlərə limitlərin müəyyənləşdirilməsi həyata keçirilməlidir. 1000 manat xidmət haqqı ödənilirsə, burada 500 manatdan artıq ödənilən vəsaitlərin nağdlı şəkildə ödənilməsi qadağan edilməlidir. Onlar banklar vasitəsi ilə qeyri-nağd formasında ödənilməlidir. İcarə haqları ilə bağlı xüsusi limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Bu xüsusi limitlər ticarət obyektlərində ödənilən məbləğlərə nəzarət etmək imkanı yaradır. O baxımdan bütün satış məntəqələri üçün nağdsız ödənişlərin tətbiq edilməsinə ehtiyac var".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşı, iqtisadçı ekspert Radil Fətullayevin sözlərinə görə, ikili mühasibatlıq ona görə aparılır ki, bu gün Azərbaycanda vergi yükü çoxdur: "Bizdə dövlət sosial sığorta ödənişlərinin miqdarı digər bəzi dövlətlərə nisbətən artıqdır. Vergi yükü çox olduğuna görə, müəssisələr real maliyyə göstəricilərini sənəd üzərində az göstərirlər".

Ekspert bildirir ki, ikili mühasibatlığın aradan qaldırılmasının kifayət qədər yolları var: "Məsələn, bu gün beynəlxalq praktikada vahid vergi sistemi tətbiq olunur. Sosial sığorta ödənişləri və vergilər bir yerdə olmaqla vahid sistemə keçirirlər. Vahid vergi sistemi xüsusilə də differensial olaraq tətbiq olunsa, bu, sahibkarlığın daha da sürətli tərəqqisinə gətirib çıxarar. Həm də onlar ikili mühasibatlıqdan istifadə etməyə meylli olmazlar. İkili mühasibatlığın aradan qaldırılmasının başqa yolu odur ki, ölkə əhalisini çek almağa meylləndirmək lazımdır. Təklif etmək olar ki, əgər bu miqdarda kassa çekləri toplayıb dövlətə təqdim edən olsa, o zaman ona filan qədər hədiyyə veriləcək. Bu, Türkiyə təcrübəsində geniş tətbiq olunur. Nəticədə müəssisələrdə sənədləşmə sistemi çox yüksək səviyyədə artar. Amma hələlik bizim əhalidə bu meyl yoxdur. Başqa bir təklif də odur ki, pos - terminalların quraşdırılmasının artırmasını təşviq etmək lazımdır. Bəzi banklar var ki, pos - terminalları pulsuz verirlər. Amma bütün müəssisələrə pos - terminallar pulsuz verilsə, nağdsız hesablaşmaların artması nəticəsində ikili mühasibatlıq aradan qaldırılmış olar. Yəni, əhalini nağdsız hesablaşmaya və çek almağa təşviq edilsə, ikili mühasibatlığın miqdarı azalmış olar".