BVF də ölkəmizdə kredit faizlərinin yüksək olduğunu bildirir

22 Yanvar 2013 10:29 (UTC+04:00)

Mərkəzi Bankın verdiyi məlumata görə, son bir il ərzində Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi təxminən 1%-dən çox azalıb. Ölkəmizdə kreditlər üzrə orta dərəcələrdə azalmalar olsa, da ümumilikdə kredit dərəcələrinin maksimum həddi yüksək olaraq qalmaqdadır. Belə ki, hazırda ölkəmizdə kredit dərəcələrinin ən yüksək həddi 36 faiz civarındadır. Təbii ki, bu da kifayət qədər yüksək rəqəmdir. Çünki, Avropa ölkələrində kredit dərəcələri 0.75 – 4.75, Yaponiyada 0 – 9, ABŞ-da 0.25 – 20, Böyük Britaniyada isə 0.5 – 17 faiz arasında dəyişir. Odur ki, Beynəlxalq Valyuta Fondunun (BVF) son açıqlamasında Azərbaycan kredit dərəcələrinin yüksək olduğu ölkələrin siyahısında ilkin yerlərdən birinin tutub. Ölkəmiz yüksək faizlərə görə 123 ölkə arasında ilk 20 – liyə daxil olub.

İqtisadçı ekspert Yusif Vəliyev bildirir ki, kreditlərin növləri çoxdur: "Bu gün həm istehlak, həm biznes, həm də fərdi şəxslərə verilən kreditlər və yaxud da hansısa şirkətin mallarının kreditlə satışı var. Bunların hər birinin kredit faizlərinin yüksək olmasının öz subyektiv səbəbləri mövcuddur. Bundan başqa, kredit dərəcələrinin çox olması müştərilərlə bağlıdır. Ölkəmizin ilk 20-likdə qərarlaşmasının səbəblərindən biri, Azərbaycan banklarının fəaliyyətə başlamasının o qədər də uzun dövrü əhatə etməmsilə əlaqədardır. Azərbaycanın banklarının fəaliyyətinin tarixini nəzərə alsaq ki, onlar digər xarici bankların tarixi ilə müqayisədə çox gənc banklardır. Ona görə də burada ilkin səbəb bank sektorunun oturuşma səbəbləri ilə bağlıdır. Faiz dərəcələrinin yüksək olmasına digər səbəb isə bizdə xarici bazarlara çıxışın az olmasıdır. Başqa bir səbəbi problemli müştərilərin çox olması ilə əlaqələndirmək olar. Belə ki, banklar faiz dərəcələrinin çox olması səbəbindən bir çox problemli müştərilərin gəlirlərini ödəyən müştərilərdən çıxmış olurlar. Amma bu faiz dərəcələri az, problemli müştərilər isə çox olarsa, bu zaman banklar üçün böyük bir risk yarana bilər. Əslində, çox vaxt düşünürlər ki, faiz dərəcələri az olsa, o zaman problemli müştərilərin də sayı az olar. Amma banklar əksini düşünür. Problemli müştərilərin faiz dərəcələrini bir növ digər müştərilərdən almış olurlar. Eyni zamanda bankın öz xərclərinin yüksək olması da faiz dərəcələrinin üzərinə gəlir. Burada digər bir məsələ isə əmanətlərin çox qoyulmamasıdır. Banklar kredit verdiyi zaman əsasən bunları Mərkəzi Bankdan alınan kredit resursları, ən çox da bankın nizamnamə kapitalı və müştəri əmanətləri hesabına toplayırlar. Həm müştəri əmanətlərinin dərəcələrinin çox olması və həm də bunun üzərinə inflyasiyanın gəlməsi və eyni zamanda insanların psixologiyasına əsasən banklara çox əmanətlər qoymurlar. Çox əmanətlərin qoyulmaması da bankların resurslarını azaldır. Bu da təsir səbəblərindən biridir. Bunlardan başqa risk səviyyəsinin yüksək olması da əsas problemlərdən biridir. Subyektiv səbəblərdən biri də banklar arasında müəyyən razılaşmanın olmasıdır ki, istənilən halda bu da özəl sektorda olan problemlərin nəticəsidir. Faiz dərəcələrini banklar təyin edirlər. Özəl sektor olduğu üçün də buna hər hansı bir nəzarətin olmaması nəticəsində banklar aralarında müəyyən razılaşma yaradırlar. Bəzi şirkətlər öz məhsulunu satdığı zaman faiz dərəcələrini yetərincə az qoyurlar. Amma bankalara yenə də həmin faiz dərəcələrini ödəyirlər. Məsələn, bir məhsul 9 faizdən satılırsa, yerdə qalan faiz dərəcəsini banka şirkət özü ödəyir. Bankların arasında sövdələşmənin olması da, banklarda olan problemli müştərilərlə bağlıdır".

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Ayaz Quliyev bildirir ki, Azərbaycan o qədər də böyük ölkə deyil: "Eyni zamanda da hələ çox gənc dövlətdir. Buna görə də bank sektoru hələ yeni formalaşır. Bizdə istər banklar, istərsə də insanlar arasında daha çox qazanc məqsədi güdmək prinsipi əsas yerdə durur. Hamı çalışır ki, daha çox qazansın. Amma gələcəkdə bankların ehtiyatları formalaşdıqdan sonra artıq aşağı faizlərlə işləməyə çalışacaqlar. Bunun digər səbəb başqa ölkələrdən fərqli olaraq bizdə insanların daha çox çalışması ilə bağlıdır. Azərbaycanda elə bir bazar mövcuddur ki, bu gün işçi qüvvəsi, kreditdən faydalanacaq əhali çox çevik və işləkdir. Ona görə kredit dərəcələri çox yüksək olsa belə, insanlar həmin kreditləri götürürlər. Əhali həmin yüksək dərəcəli kreditləri qaytara bildikləri üçün, bizdə kreditin faiz dərəcələri aşağı düşmür".

Ekspert onu da əlavə etdi ki, bizdə depozit sistemi hələ özünü doğrultmayıb: "Əhali depozitə pul qoymur. Bu gün sahibkarlar vəsaitlərini daha etibarlı saydığı xarici banklarda yerləşdirirlər. Amma zaman keçdikcə mətbuatda da görürük ki, artıq sahibkarlar öz vəsaitlərini yerli banklara da qoymağa meyllidirlər. Həmçinin artıq xaricdən də Azərbaycan banklarına vəsait qoymaq istəyən az deyil. Bu da yaxın vaxtlarda kredit dərəcələrinin aşağı düşməsinə müsbət təsir göstərəcək. Çünki, banklarda vəsaitlər çoxaldıqca kredit dərəcələri aşağı düşür".