Nağdsız ödənişlər büdcə gəlirlərini çoxaldacaq

2 Dekabr 2016 09:30 (UTC+04:00)

“2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir ki, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnozun icra olunması nağd əməliyyatların məhdudlaşdırılması, vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi məsələlərinin uğurlu həllindən bilavasitə asılıdır: "Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin vergitutma bazasını formalaşdıran makroiqtisadi mühitin kövrəkliyi şəraitində növbəti il üçün müəyyən edilmiş proqnozların artıqlaması ilə reallaşdırılması “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə əks etdirilən kompleks tədbirlərin, xüsusilə də nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması, vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi məsələlərinin uğurlu həllindən bilavasitə asılıdır". Rəydə bildirilir ki, elektron qaimənin tətbiqi prosesinin eyni zamanda ÜDM-in təxminən 60%-ni təşkil edən xidmətlərin istehsalı, tikinti, turizm, nəqliyyat, informasiya və rabitə sahələrini də vahid sistem olaraq əhatə etməsi büdcə gəlirlərinin mobilizasiyasına müsbət təsir göstərəcək. beləliklə məlum olur ki, ölkədə nağdsız ödənişlərin genişləndirilməsinə xüsusi ehtityac var.

Mütəxəssislərin firkincə, nağdsız əməliyyatların miqyasının genişlənməsi üçün kompleks tədbirlər görülməlidir. Bu işdə dövlət qurumları ilə yanaşı, sahibkarlarlıq subyektləri və vətəndaşların üzərinə yük düşür.
Vergilər Nazirliyinin Analitik - informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov bildirdi ki, bununla bağlı vergilər nazirinin müavini Sahib Ələkbərov açıqlama verib: “Belə ki, Azərbaycanın bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları üzrə ciddi azalma var. İdman-mərc oyunları sahəsində vergidən yayınanlar çoxdur. Ötən dövr ərzində 105 mindən çox yeni vergi ödəyicisi qeydə alınıb. Odur ki, nağdsız ödənişlərlə bağlı hökumətə təkliflər verilib. Bu, çox ciddi vergi bazasıdır. Biz 2011-ci ildə də bununla bağlı təkliflər irəli sürmüşdük. Amma çox ciddi müqavimət var”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, nağdsız ödənişlərin həcminin artması üçün ilk növbədə texniki məsələlər həllini tapmalıdır: “Nağdsız ödənişlər nə qədər çox artarsa, ticarət dövriyyəsinin həcmi də bir o qədər artmış olacaq. Çünki, o zaman ticarət dövriyyəsinin gizlədilməsi mümkünsüz hala gələcək. Odur ki, ilk növbədə texniki məsələlər - bütün ticarət, ictimai-iaşə, xidmət obyektlərində pos-terminalların quraşdırılması prosesi başa çatdırılmalıdır. 
Düzdür, hazrıda kifayət qədər böyük ticarət müəssisələrində, iri marketlərdə pos-terminallar quraşdırılıb. Lakin prosesin tam sona çatdığını demək mümkün deyil. İkinci vacib məsələ isə insanlarda bununla bağlı ciddi təşviqat və təbliğat işlərinin aparılmasıdır. İnsanlar maaş, təqaüd kartlarından yalnız bankomatdan pul çıxartmaq üçün istifadə etməməlidirlər. Həmin kartlar həm də bir ödəniş vasitəsidir. Ödəniş zamanı kartlardan istifadə etməlidirlər. Bunu aşılamaq lazımdır. Çoz zaman əmək haqqı və təqaüdlər verilərkən bankomatlar qarşında növbələr yaranır. İnsanlar nağdlaşdırdıqları pulu yenidən ticarət, iaşə, xidmət obyektərində xərcləməklə məşğul olurlar. 
Nağdsız ödənişdə artımı təbliğat və stimullaşdırma yolu ilə əldə etmək mümkündür. Məsələn, nağdsız ödəniş edən şəxslərin aldıqları kassa çeki lotoreya biletinə çevrilə bilər. Ayda bir dəfə həmin çeklərdən televiziya vasitəsi ilə lotoreya oyunu təşkil edilə bilər. Bu, insanlarda nağdsız ödənişlərə üstünlük vermələri üçün stimul yaradar. Nağdsız ödənişlər artdıqca da ticarət dövriyyəsinin həcmi ilə yanaşı, vergilər vasitəsilə toplanan vəsaitin həcmi artacaq”.
Mübariz BAYRAMOV