Hərbi tibbi müayinə qaydaları dəyişdirilə bilər
22 Yanvar 2013 11:03 (UTC+04:00)
Azərbaycanda hərbi tibb komissiyalarının yenidən, tam fərqli
prinsiplərlə təşkilinə ehtiyac var. Bunu Trend-ə millət vəkili,
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc
bildirib. Onun sözlərinə görə, tibbi müayinələr orta məktəb
sistemindən təşkil edilməlidir, bununla bağlı Dövlət Proqramı qəbul
olunmalıdır. "Yeniyetmənin, gələcək hərbi çağırışçının 2-3 illik
müayinələrinin nəticələri barədə bütün tibbi məlumatları vahid
məlumat bankında toplanmalıdır. Çünki birdəfəlik yoxlama zamanı
hansısa xəstəlik özünü göstərməyə bilər. Bir sıra hallarda hər
hansı bir hərbi hissədəki şəraitdən, ümumi vəziyyətdən, kəskin
dəyişən qida rejimindən asılı olaraq əsgərdə olan xəstəliklər özünü
göstərməyə başlaya bilər. Bu problemlər coğrafi dəyişiklik - aran
bölgəsinin sakinin yüksək dağ regionunda xidmət keçməsi zamanı üzə
çıxa bilər", - millət vəkili deyib.
Oruc vurğulayıb ki, hərbi çağırışçının tibbi müayinələri hərbi
çağırış anında sürətli, bir sıra hallarda hədsiz şərti yanaşmalarla
deyil, köklü sistemdən keçsə, arzulanan sağlam ordunu
formalaşdırmaq mümkün olacaq. Deputat həmçinin bildirib ki,
Azərbaycanda "Hərbi xidmət və hərbi çağırış haqqında" qanuna edilən
əlavəyə görə hərbi çağırışçıda hər hansı xəstəlik aşkarlanarsa, o,
dövlət hesabına müalicə almalıdır. "Maliyyə Nazirliyi də bununla
bağlı müvafiq addımlar atacağını bəyan etdi. Buna ciddi
yanaşılmalıdır. Bəyan olunub ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti üçün xeyli yeni tibbi avadanlıqlar,
qurğular göndərilib", - Oruc deyib.
Millət millət vəkili hesab edir ki, lakin sadəcə texnoloji
avadanlıqların dəyişdirilməsi ilə kifayətlənmək olmaz.
"Hərbi çağırışçıların tibbi müayinəsi xüsusi mərkəzi klinik
müəssisələrdə aparılmalıdır. Azərbaycanda da Gülhanə Tibb
Akademiyası səviyyəsində tibbi akademiyalar mövcud olmalıdır ki,
hətta mülki insanlar da həyatlarını oraya etibar etsinlər", - Oruc
bildirib.