22 Yanvar 2013 12:01 (UTC+04:00)
Dünyanın ən iri fastfud restoranlar şəbəkəsinə malik "McDonald's" Amerikanın Dirborn şəhərinin müsəlmanlarına 700 min dollar həcmində cərimə ödəyəcək. Şəhərin müsəlman əhalisi "McDonald's"da satılan sendviçlər halal şəkildə hazırlanmadığını aşkar ediblər.
Şirkəti məhkəməyə hələ 2011-ci ildə Dirborn şəhərinin sakini Əhməd Əhməd adlı şəxs verib. O, iddiasında bildirib ki, restoranın menusunda məhsulların halal olduğu göstərilsə də, məhsullar əslində halal olmayıb. Onun vəkili müəyyən edib ki, restoran halal məhsullar bitəndə onların əvəzinə tez-tez adi sendviçlər satırmış.
Qeyd edək ki, ABŞ-da "McDonald's"un halal məhsullar təklif edən cəmi 2 restoranı fəaliyyət göstərir. Restoranların ikisi də Dirborn şəhərində yerləşir. Orada yaşayan müsəlmanların sayı isə 150 min nəfərdir. "McDonald's"un ödəyəcəyi cərimə Deytroyt xəstəxanası və Müsəlman Mədəniyyət Mərkəzinə köçürüləcək.