Dünya Qərb-Rusiya qarşıdurmasının fəsadlarından xilas olur

3 Dekabr 2016 09:00 (UTC+04:00)

Rusiyanın “özbaşına” fəaliyyəti və keçmiş sovet respublikalarını öz nüfuz dairəsində saxlamaq strategiyası ilə barışmayan Qərb ölkələri başda ABŞ olmaqla bu ölkəyə qarşı bir neçə ildir ki, iqtisadi və siyasi sanksiyalar tətbiq edir. Bu hal təbii ki, Rusiyanın iqtisadiyyatına ciddi təsir edir və dövlətin sosial proqpamları ildən-ilə ixtisar olunur, əhalinin rifah halı aşağı düşür. Sanksiyaların tətbiq olunmağa başladığı 3 il ərzində Rusiya 100 milyardlarla dollar vəsait itirib. Lakin Qərb gözlədiyi nəticəni əldə edə bilməyib. Yəni, Rusiyanın hegemonluq siyasətinin qarşısını ala bilməyib. Əvəzində Qərb ölkələrinin özündə iqtisadi çətinliklər baş qaldırıb. Əsrimizin ilk onilliyinin sonlarından başlayan iqtisadi böhran dərinləşməyə başlayıb. Vəziyyətin bu şəkildə gərginləşməsi avropalı əhalinin hökumətlərə inamını sarsıda bilər və nəticə etibariilə siyasi böhranlara yol açar. Buna görə də bəzi ölkələr artıq Rusiyaya qarşı çıxmağı sözdə dəstəkləyərək əməli formada əvvəlki mövqelərinə qayıtmağa başlayıblar.   

Rusiyanın Ukraynanın Krım vilayətini ilhaq etməsindən sonra ilk dəfə olaraq Finlandiya Moskva ilə iqtisadi-ticarət münasibətlərini bərpa edib. “The Financial Times” nəşri yazır ki, bunu  Finlandiyanın ticarət naziri Kay Mikkanen bəyan edib. Mikkanen xatırladıb ki, onun ölkəsinin Rusiya ilə geniş sərhədi var və “bir çox məsələlər üzrə zaman-zaman əməkdaşlıq etmək lazımdır”. Nazir qeyd edib ki, beynəlxalq hüququn pozulması məsələsində Qərbin yekdil fikrinin qorunub saxlanması vacibdir, lakin hesab edir ki, bu, Rusiya ilə iqtisadi əlaqələrin saxlanmasına  ziddiyyət təşkil etmir. Bundan öncə Norveç də Rusiya ilə əməkdaşlığı bərpa etmək niyyətində olduğunu bildirmişdi. ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiyaya qarşı münasibəti məlumdur. Fransada gələn il keçiriləcək prezident seçkilərindən sonra Rusiya ilə münasibətlərin yaxşılaşması gözlənilir.
Belə görünür ki, 2017-ci ildə dünya siyasətində ya 15-20 il əvvəlki dövr yaşanacaq, ya da yeni dönəm başlayacaq. Hər iki halda bir şey məlumdur ki, indiki vəziyyət olduğu kimi qalmayacaq. Dəyişikliklər qaçılmazdır. İlk növbədə Avropa İttifaqına daxil olan ölkələr arasında bəzi fikir ayrılıqlarının dərinləşməsi baş verə bilər. Axı, Rusiyaya münasibətdə onsuz da onlar arasında fikir ayrılığı mövcud idi. Finlandiyanın qərarı sanksiyaya qoşulmuş digər ölkələr üçün presedentə çevrilə bilər. Çünki, Rusiyanın xammalı çoxdan Avropa ölkələrinin sənayesi üçün “yem” rolunu oynayır. Üstəlik, Rusiyanın neftinə və təbii qazına bu regionda tələbat yüksəkdir. 
Rusiyanın siyasi analitikləri bu günü səbirsizliklə gözləyirlər. Bəlkə də onları sanksiyalardan doğan çətinlikləri dəf etməyə ruhlandıran “Qərbin onlarsız keçinə bilməyəcəkləri” fikridir. Budur, zaman deyəsən, gəlib çatır. Bir yandan da İngiltərənin Avropa İttifaqının tərkibindən çıxması ilə baş verən itkilərin yerini Rusiya ilə doldurmaq istəyinin yaranması məntiqi olardı. 
Situasiyanın bu şəkildə dəyişməsi Rusiyanın ambisiyalarını gücləndirməsi və mövqeyinin sərtləşdirilməsi ilə müşayiət oluna bilər. Artıq məlumdur ki, Krımın taleyi Rusiyanın xeyrinə həll olunub. Donbas isə siyasi platsdarma çevrilib. Rusiya ilə Türkiyənin yaxınlaşması da Avropa İttifaqına güclü zərbədir. 
Hadisələrin bu cür gedişi bir də ona işarədir ki, gələn il siyasətlə iqtisadi əməkdaşlıq arasında sərhədlər müəyyənləşəcək və bu iki əsas istiqamət yanaşı addımlasa da bir-birindən ayrı məcrada irəliləyəcək. Bu yaxşıdır, ya pis, indidən demək olmaqz, amma beynəlxalq mühitdə aydınlaşma olacağı şəksizdir. 

N.NOVRUZ