GMO təhlükəsi ətrafında fikirlər haçalanır

7 Dekabr 2016 09:30 (UTC+04:00)

Bir vaxtlar bazara alış-verişə gedəndə  gözümüz piştaxtalarda “Ağ çiçək”, “Telman”, “Qəzəf” kartoflarını, Hövsanda yetişən  Şıxverdi soğanını, zirə pomidorunu axtarardı. İndi isə dadı illərdir ki, damağımızda qalan bu yerli tərəvəz sortlarını tapmaq müşkülə çevrilib. Hazırda bazarda ölkəmizdə istehsal olunan, amma İran, Türkiyə və Rusiyadan gətirilən tərəvəz məhsullarına daha çox bənzəyən məhsullar satılır. Demək olar ki, tədricən yerli tərəvəz sortlarımızın adı tarixə  qovuşur. 

Elə mütəxəssislər də hazırda satışda olan tərəvəzlərin əksəriyyətinin ölkəmizdə istehsal olunsa belə, bizə yad olan sortlardan yetişdirilən məhsullar olduğunu iddia edirlər. Onların görkəminə, iri ölçüsünə görə genetik modifikasiya olunmuş (GMO) məhsullara daha çox bənzəməsi isə şübhələri bir az da artırır. Qeyd edək ki, GMO məhsullarının ölkəmizə gətirilməsi qanunla qadağan olunub. 
Amma ekspertlər ölkəmizə geni dəyişdirilmiş tərəvəz toxumlarının gətirildiyini istisna etmirlər. Kənd təsərrüfatı üzrə mütəxəssi Vahid Məhərrəmov deyir ki, ölkəmizin tərəvəz məhsullarının toxumlarına olan ehtiyacı tam ödənilmir. Bu səbəbdən də, tərəvəz məhsullarının çoxunun toxumu xarcidən gətirilir. V. Məhərrəmov deyir ki, ölkəmizə gətirilən bəzi tərəvəz məhsullarının toxumu genetik modifikasiyaya uğrayıb. Həmsöhbətimizin sözlərinə görə, GMO toxumlarının ölkəmizə gətirilməsi nəticəsində ölkəmizdə istehsal olunan tərəvəzlər də geni dəyişdirilmiş məhsul sayılır: “Düzdür, qanunla GMO məhsullarının ölkəmizə idxalı qadağandır. Aidiyyatı qurumlar da bu istiqamətdə iş aparırlar. Amma GMO məhsulların istehsalında müasir texnologiyalardan istifadə edilir. Əvvəl GMO məhsulları 4 xətt üzrə istehsal edilirdi. Laborator yolla məhsulun geninin dəyişdirilib-dəyişdirilmədiyini ayırd etmək, üzə çıxartmaq mümkündür. Son texnoloji yeniliklər sayəsində GMO məhsulları 32 xətt üzrə istehsal edilir. Yəni məhsulun tərkibində GMO olub-olmadığını müəyyən etmək laboratoriya ilə belə müşküldür. Toxumun genetik modifikasiyaya uğradığını ayırd etmək üçün laborator avadanlıqları istehsal edən ölkə elə özü GMO istehsal edir. Bu səbəbdən də bu cür laborator avadanlıqların satışını təşkil etmir. Ona görə də, ölkəmizə gətirilən tərəvəz toxumlarının belə geni dəyişdirilməsi mümkündür. Bunu həmin tərəvəzlərin çox məhsul verməsi və sair göstəricilərinə görə də fərqli olması ilə sübut etmək olar. 
İndiki tərəvəz məhsullarının çoxuna zərərvericilərə görə gübrə verməyə ehtiyac yoxdur. Onlar özləri elə zərərvericiyə qarşı dözümlüdür. Bu bitkinin xarakteristikasına ziddir. Yalnız geni dəyişdirilən bitkilərdə bu cür imkanlar əldə etmək mümkündür. O toxumlara müxtəlif həşəratlara,ziyanvericilərə dözümlü gen köçürüldüyündən, zərərvericilərə qarşı gübrələrə ehtiyac qalmır. Bu tərəvəz istehsalçılarına sərf edir. Nəticədə onlar zərərvericilərlə mübarizə üçün gübrə almağa pul xərcləmirlər. Ölkəmizdə yetişdirilən tərəvəzlərdə də bu xüsusiyyətlər var”.  
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev isə, ölkəmizə geni dəyişdirilmiş toxumların və meyvə-tərəvəzlərin gətirilmədiyini bildirir. M. Hacıyev deyir ki, qanunla qadağan olduğundan, GMO məhsullarının ölkəmizə buraxılmaması üçün ciddi nəzarət edilir: “Düzdür, ölkəmizdə tərəvəz məhsullarının toxumuna olan ehtiyac ödənilmir. Bu səbəbdən də tərəvəz toxumları ölkəmizə xaricdən gətirilir. Amma bu, o demək deyil ki, ölkəmizə idxal olunan tərəvəz toxumları GMO-dur. Bunu kortəbii şəkildə demək düzgün deyil. Çünki, Dövlət Fitosanitar Nəzarəti Xidməti, eləcə də Gömrük Xidməti ölkəmizə gətirilən məhsulları GMO-ya görə laborator müayinədən keçirir. Geni dəyişdirilmiş toxumlar ölkəmizə buraxılmır”.
M. Hacıyev tərəvəz toxumlarının ölkəmizə Türkiyə və Hollandiyadan gətirildiyini söyləyir. Onun sözlərinə görə, ölkəmiz taxıl toxumuna olan tələbatı yerli istehsal hesabına ödəyir: “Artıq Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda da yerli sortlardan toxum istehsalının artırılması istiqamətində iş aparılır. Tədricən ölkəmizin tərəvəz toxumuna tələbatı da yerli istehsal hesabına ödəniləcək. Amma bu gün xaricdən tərəvəz toxumlarının alınması da o demək deyil ki, bu toxumlar genetik modifikasiyaya uğrayıb. Fitosanitar Nəzarəti Xidməti toxumların tərkibini GMO-ya görə müayinə edir. Əgər toxumun geni dəyişdirilibsə, ölkəyə buraxılmır”.

Zülfiyyə QULUYEVA