LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

22 Yanvar 2013 16:36 (UTC+04:00)
Bu gün ölkə regionlarının sosial-iqtisadi tərəqqisində özəl sektor getdikcə daha böyük rol oynamağa başlayır. Bunu şərtləndirən ümdə səbəblərdən biri isə aqrar sektorda həyata keçirilən islahatlar, qeyd edilən istiqamətdə vaxtında zəruri addımların atılmasıdır. Qeyd edilənlər bazar iqtisadiyyatının prinsiplərinin ölkəmizdə uğurlu tətbiqinin göstəricisi, həm də bunun regionların tərəqqisinə böyük töhfə verməsinin real təsdiqidir.
Ümumiyyətlə, aydındır ki, zamanın tələblərinə cavab verən sosial-iqtisadi inkişafın yolu məhz bazar iqtisadiyyatından keçir. Bazar iqtisadiyyatının əsas cəhətlərindən biri isə mülkiyyətin yeni formalarının, ilk növbədə özəl mülkiyyətin yaranmasını özündə əks etdirdiyindən bu proses Azərbaycanın qarşısında da taleyüklü məsələ kimi durmuşdu. Dünya təcrübəsi isə onu da təsdiq etmişdi ki, özəl mülkiyyət fərdi azadlığın əsasını təşkil edir və bu da öz növbəsində ayrıca götürülümüş fərdin özünütəsdiq, ifadənin zəruri şərti kimi çıxış edir. Müxtəlif ölkələrdə gedən özəlləşdirmə prosesləri məzmunu, funksiyaları, istifadə edilən formalar və nəticələrinə görə biri-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu səbəbdən özəlləşdirmə proseslərinə başlamazdan öncə dəqiq düşünülmüş, rasional xarakterli addımların atılması, uğurlu nəticələrə yol açan dünya təcrübəsinin tətbiq olunması zəruri şərt kimi çıxış edirdi.
Lakin ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına qədər iqtidarda olan qüvvələrin yarıtmaz siyasəti xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadi sisteminə keçidi, bu kontekstdə dövlət mülkiyyətinin özəlləşdirilməsini mümkünsüz edirdi. Düzdür, dövlət mülkiyyətinin özəlləşdirilməsi məqsədilə 1992-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Dövlət Əmlak Komitəsi yaradılaraq fəaliyyətə başlamış, 1993-cü ilin yanvarında isə "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" qanun qəbul edilmişdi. Ancaq özəlləşdirmənin nəzəri-qanunverici bazasının hazırlanmasında ciddi nöqsanlara yol verilmişdi və onun bu şəkildə tətbiqi Azərbaycanın üzləşdiyi iqtisadi böhranı daha da dərinləşdirə bilərdi. Belə şəraitdə təbii ki, bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın inkişafını təmin etmək, dövlət mülkiyyətinin özəlləşdirilməsinin düzgün, ədalətli və pozitiv dünya təcrübəsinin hərtərəfli öyrənilərək tətbiqini reallaşdırmaq mümkün deyildi.
Yalnız Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra özəlləşdirmə proseslərinin sürətləndirilməsinə, bu zaman Azərbaycan reallıqları nəzərə alınmaqla qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsinə, sürətli inkişafa xidmət edən iqtisadi siyasət həyata keçirildi. Bu fonda dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu. Eləcə də özəlləşdirmənin başlıca məqsədləri sırasında müvafiq dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər yer alırdı.
Sözügedən prosesdə qarşıda duran əsas məsələlərdən biri əvvəl hakimiyyətdə olan müxtəlif qüvvələrin yol verdiyi səhvlərin aradan qaldırılmasına nail olmaq idi. Bu məqsədlə özəlləşdirmənin nəzəri-qanunverici bazasının hazırlanmasında ciddi nöqsanların olduğunu nəzərə alan dahi rəhbər 1995-ci ilin yanvarında özəlləşdirmənin aparılması üçün yaradılan dövlət qurumunun rəhbərliyində dəyişikliklər etdi və 3 mart 1995-ci ildə dövlət özəlləşdirilməsi haqqında proqramın hazırlanması üçün xüsusi komissiya yaradılmasına göstəriş verdi. Həmin komissiya 1995-1998-ci illərdə özəlləşdirmənin aparılması üçün müvafiq sənəd hazırlamalı idi. Bütün bu məsələlər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə 1995-ci ilin martında Bakıda keçirilən hökumətin açıq müşavirəsinə çıxarıldı. Əsas məqsəd isə proseslərin mahiyyətinin ölkə ictimaiyyətinin nəzərinə çatdırılması və şəffaflığın təmin edilməsi idi. Digər tərəfdən özəlləşdirmə ilə bağlı hazırlanan dövlət sənədində ictimaiyyətin nümayəndələrinin də fikir və təkliflərinin nəzərə alınmasına ayrıca diqqət yetirilirdi.
1995-ci ilin iyununda hazır olan sənəd əvvəlcə Azərbaycan Prezidentinə təqdim olundu, onu qənaətbəxş hesab edən dövlət başçısı iyunun 30-da təsdiq edilmək üçün Milli Məclisə göndərdi. 1995-1998-ci illərdə özəlləşdirmənin aparılması nəzərdə tutan proqram dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını əks etdirirdi. Dövlət Proqramında mülkiyyətin özəlləşdirilməsi sahələri, istiqamətləri, müddəti, mərhələləri və sair öz əksini tapmışdı. Mərhələlər üzrə özəlləşdirmə bu cür nəzərdə tutulmuşdu: birinci mərhələ: 1996-1998-ci illər; ikinci mərhələ: 1998-2000-ci illər; üçüncü mərhələ: 2000-2001-ci illər; dördüncü mərhələ: 2001-2005-ci illər. Sözügedən sənəd 1995-ci il iyulun 21-də Milli Məclis tərəfindən bəyənilərək qəbul edildi. Beləliklə, konkret proqram əsasında Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlandı ki, bu da yeni iqtisadi inkişaf mərhələsinin əsasının qoyulmasında olduqca böyük rol oynadı. Sözügedən proqram Azərbaycanda sovetlər dövrünün yadigarı olan planlı iqtisadiyyatdan bazar iqtisadiyyatı sisteminə keçmək yolunda böyük əhəmiyyət kəsb etdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz artdı. 1998-ci ildə sənaye və kənd təsərrüfatı məhsulları istehsalında daha böyük göstəricilər qeydə alındı. 1995-ci ilə qədər Azərbaycanın iqtisadiyyatına, maliyyə sisteminə böyük zərbələr vuran inflyasiyanın isə görülən tədbirlər nəticəsində qarşısı alındı və tədricən aradan götürüldü. Hətta 1998-ci ildə Azərbaycanın milli valyutasının - manatın dəyəri möhkəmləndi ki, nəticədə istehlak mallarının qiymətlərinin azalması və deflyasiya müşahidə olundu. Bu dövrdə Azərbaycana gələn xarici investisiyanın da həcmi durmadan artırdı. Məsələn, 1998-ci ildə Azərbaycanın iqtisadiyyatına 1,5 milyard 500 dollar dəyərində investisiya qoyulmuşdu. Adambaşına xarici investisiya qoyuluşunun miqdarına görə həmin vaxt Azərbaycan Müstəqil Dövlətlər Birliyində birinci yerdə dururdu.
Bütün bunlar həm də 1998-ci ildə dünyanın əksər ölkələrini bürüyən maliyyə böhranından Azərbaycanın yenə uğurla çıxmasına imkan verirdi. Halbuki, həmin vaxt böhranın dünyanın aparıcı dövlətlərinə, o cümlədən Rusiyaya böyük zərbələr vurması MDB dövlətlərinin iqtisadiyyatına da dağıdıcı təsir göstərirdi.
Bunlarla yanaşı, dövlət idarəetmə sistemində də aparılan islahatlar ölkənin inkişafı ilə bir həmahənglik təşkil edir və bu inkişaf prosesini daha da sürətləndirirdi. Belə ki, iqtisadi islahatlarla və özəlləşdirmə proqramının həyata keçirilməsi ilə bağlı iqtisadiyyatı idarəetmə sahəsində ölkənin 20-dən çox nazirliyi, dövlət komitəsi, konserni və şirkəti ləğv olunmuş, yaxud da yenidən qurulmuşdur. Bir çox nazirliklərdə və idarəetmə orqanlarında ayrı-ayrı qurumlar da ləğv edilmiş, yaxud da onların fəaliyyəti bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmışdı. Bütün bunlar yekun nəticədə sürətli inkişafa xidmət edir və Azərbaycanın daha da möhkəmlənməsinə gətirib çıxarırdı. 2000-ci ildə dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni Qanun qüvvəyə mindi. Qanunda qeyd olunrudu ki, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri isə qanuna əsasən aşağıdakılar idi: özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi; dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması; sağlam rəqabət mühitinin formalaşdırılması; özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılması. Qanunun 5-ci maddəsində Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı ehtiva olunurdu. Burada qeyd olunurdu ki, müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətinin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur.
Qanuna əsasən, Dövlət Proqramında dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi, dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması, özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı, özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydaları, eləcə də müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması; özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər; dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər əksini tapırdı.
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun icrasını təmin etmək, iqtisadiyyatda aparılan struktur islahatlarını, sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədi ilə 2000-ci il avqustun 10-da Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" təsdiq edilməsi barədə Fərman verildi. Fərmanın mühüm cəhətlərindən biri "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın həyata keçirilməsi prosesində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsi, bu barədə Azərbaycan Respublikasının Prezidentinə ətraflı məlumat verilməsi haqda Nazirlər Kabineti qarşısında konkret tapşırıq qoyulması idi. Bundan başqa Fərmana əsasən, dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı I Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin II Dövlət Proqramı çərçivəsində özəlləşdirilməsi barədə təkliflər hazırlanmalı idi.
Elşən BAYRAMOV
(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.