Sirkə turşusu 8 nəfərin həyatına son qoyub-Açıqlama

7 Dekabr 2016 11:47 (UTC+04:00)

Bu il sirkə turşusundan zəhərlənmə ilə bağlı 8 nəfər dünyasını dəyişib.  Movqe.az xəbər verir ki, bu məlumatı bu gün keçirilən brifinqdə baş toksikoloq, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib. A. Maqsudov deyib ki, sirkə turşusundan zəhərlənmə ilə bağlı hər ay 5-7 müraciət daxil olur. A. Maqsudovun sözlərinə görə, canına qəsd etmək məqsədilə sirkə turşusu və dərman preparatları qəbul edərək zəhərlənmə halları ümumi toksikoloji müraciətlərin cəmi 3 faizini təşkil edir: "Qeyd etdiyim kimi, bu il sirkə turşusundan cəmi 8 nəfər ölüb. Onlar xəstəxanaya çox ağır vəziyyətdə gətirildiklərindən, həyatlarını xilas etmək mümkün olmayıb. Sirkə turşusundan zəhərlənmə ailə-məişət münaqişə zəminində baş verən hadisələrdə daha çox müşahidə olunur".  

Zülfiyyə QULUYEVA