Əhalinin maddi rifah halı yenə ön plana çıxır

9 Dekabr 2016 09:15 (UTC+04:00)

Prezident İlham Əliyevin dekabrın 6-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır. Ölkənin uzunmüddətli inkişaf planını əks etdirən bu sənəd sosial xarakteri ilə diqqəti cəlb edir. 

Hazırda bütün ölkələrdə yeniləşmə, buvaxtadək mövcud olmuş sosial-iqtisadi konsepsiyaların modernləşməsi, başqa sözlə, müasir tələblər baxımından işlənib həyata keçirilməsi prosesi gedir. Dövrün əsas prioritet iqtisadi teoremi həyata keçirilən layihələrin innovativlik gücüdür. Bu məqsədə nail olmağın əsas meyarı “yüz ölçüb, bir biçmək” prinsipinə əsaslanır. Yəni, planlaşdırmanı elə qurmalısan ki, seçilən bütün istiqamətlərdə uğur təmin edilsin. Azərbaycanda qəbul edilən strateji yol xəritəsi bu baxımdan mükəmməlliyi ilə seçilir. 
Strateji yol xəritələrində müəyyənləşdirilmiş 11 istiqamətin hamısı Azərbaycanda indiyədək toplanmış iqtisadi təcrübənin ümumiləşdirilmiş konseptual formasıdır və sənədin aydın və tam dəqiq müddəaları onun mənfəətli olacağına heç bir şübhə yeri qoymur. Yaxın 4 il sənəddə iqtisadi inkişaf və tədbirlər planı kimi xarakterizə olunur. Sonrakı 5 il uzunmüddətli baxışı, 2025-ci ildən sonrakı dövr isə hədəf baxışlarını əks etdirir.  Strateji yol xəritələrində nəzərdə tutulmuş istiqamətlər aşağıdakılardır: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı. Müəyyənləşdirilmiş iqtisadi məqsədlər arasında ənənəvi neft-qaz və kənd təsərrüfatı ilə yanaşı telekommunikasiya və informasiya texnologiyaları kimi müasir tendensiyalara da yer verilib. Amma bütün hallarda istiqamətlərin üstün cəhəti onların sosial vəziyyətin yaxşılaşdırılmasına xidmət etməsidir. Məsələn, uyğun qiymətə mənzil təminatının inkişafı birbaşa əhalinin maddi rifah halının yüksəldilməsinə xidmət edir.
Belə bir sənədin qəbulu ölkədə gedən inkişaf prosesinin ardıcıllığını və sürətini saxlamağa kömək edəcək. Üstəlik, dövlətin fəaliyyətinin optimallaşdırılmasına və məsuliyyətin artırılmasına səbəb olacaq. İşdə bir sahənin inkişafı zəncirvari reaksiya formasında ardınca bir neçə sahənin dirçəlməsinə səbəb olacaq.
İstiqamətlərdən biri ixtisaslaşmış turizm sənayesinin inkişafı adlanır. Bu istiqamətdə iqtisadi fəaliyyət müasirliyi, çevikliyi, mədəniliyi, təbii və estetik gözəlliyi ilə seçilir. Turizm sənayesinin inkişafı ilk növbədə təhsildə və təlimdə beynəlxalq standartların tətbiqini zərurətə çevirir. Turizmçilərin universal biliyə malik olmaları bu sahədə kadr hazırlığının başlıca şərtidir. Demək, təhsil sistemində istər-istəməz yeni təmayüllər yaranmalıdır. Sahənin intişarı dünyada gedən qloballaşma prosesi ilə səsləşir və bu işdə əhəmiyyətli rol oynayır. Mədəniyyət və incəsənətin inkişafı da qaçılmazdır. Çünki, milli özünütəsdiq üçün rəssamlığın, musiqinin, xalq tətbiqi incəsənətinin formalarına ehtiyac yaranır. Strateji yol xəritəsindəki 11 istiqamətdən tək birinin inkişafı digər bağlı sahələri də hərəkətə gətirir. 
Kənd təsərrüfatı məhsullarının isteahsalı və emalı, habelə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı istiqamətləri geniş əhali təbəqələrinin məşğulluğunun təminatına yol açmaqla bərabər əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına, işsizliyin, bir növ, “defisitə”  çevrilməsinə şərait yaradacaq. Sahibkarlıqla məşğul olmağa başlayan ixtisassız vətəndaşlar təlim və vərdişlə qanunvericiliyi öyrənəcək, savad əldə edəcək, idarəetmə işində püxtələşəcək və bütövlükdə cəmiyyətin intellektual inkişafında müəyyən rol alacaq. 
Bütövlükdə strateji yol xəritəsini xarakterizə edən istiqamətlər özündə geniş fəaliyyət zonası yaradır və bu haqda xeyli yazmaq olar. Əsas məsələ odur ki, bu istiqamətlər bir-birinə bağlı tam inkişaf planıdır və onun yerinə yetirilməsi yalnız irəliləmək anlayışı deməkdir. Azərbaycanı elə indidən başlayaraq səbatlı, ardıcıl həyata keçirilən layihələr, mənfəətli işlər gözləyir.

N.NOVRUZ